"İndi “sənin adına torpaq sahəsi var, get torpağı ək, becər, pul qazan” söylənəcək zaman deyil"
Xüsusi karantin rejiminin müddəti uzadıldığından işsizlərə, aztəminatlı ailələrə ötən aylarda ödənilən 190 manat birdəfəlik yardımın bərpası təklif edilir. Bu təklifi Milli Məclisin iclasında millət vəkili, İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli səsləndirib.
“Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik” söyləyən millət vəkili bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir. Həmçinin pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir.
Ə.Məsimlinin qaldırdığı məsələyə hökumətin cavabı gecikməyib. Maliyyə naziri Samir Şərifov məsələnin dövlət başçısının diqqətindən kənarda olmadığını deyib.
Milli Məclisin iclasında iştirak edən maliyyə naziri işsizlərə verilən 190 manatlıq birdəfəlik ödənişlə bağlı təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.
Məlumdur ki, 190 manatlıq birdəfəlik ödənişin bərpasını intizarla gözləyənlər işsizlər, aztəminatlı ailələr, həmçinin xüsusi karantin rejimi müddətində fəaliyyət sahələri dayandırılan şəxslərdir.
İqtisadçı Fuad İbrahimov “Şərq.az”a açıqlamasında deyib ki, növbəti birdəfəlik yardımların bərpa olunmasının müzakirəyə ehtiyacı yoxdur:
- Bu məsələ həll edilməlidir. Xüsusi karantin rejimi yenidən tətbir edilirsə, aztəminatlı ailələrin ehtiyaclarının ödənməsi üçün 190 manatlıq birdəfəlik yardımların ödənməsi də bərpa edilməlidir. Amma ötən aylardan fəqrli olaraq bu dəfə daha dəqiq təhlillərə ehtiyac var. Çünki ötən dəfə müşahidə etdik ki, bəzi narazılıqlar oldu. Bu da əsasən onunla bağlı idi ki, adına torpaq sahəsi, avtomobil, mənzil... olan şəxslərə 190 manat birdəfəlik yardımın ödənməsindən imtina edilirdi. Baxın, hazırda fos-major situasiyadır. Fövqəladə vəziyyətdir. Bir-iki “qeyri-adi” ölkəni çıxmaq şərtilə bütün dünya pandemiya ilə mübarizə aparır. Hər bir sivil dövlət də belə hallarda vətəndaşına yardım edir. Həmçinin vətəndaşlar da bir-birinə yardım əli uzadır. Azərbaycan da sivil bir ölkə kimi bunu etdi və edəcək də. Amma kiminsə adına torpaq sahəsi varsa, indi bunun təftişini aparmaq, ən azı etik normalara sığmır. Onsuz da bilirik ki, torpaq sahələri bir çox hallarda təyinatına görə istifadə edilməyib. İllər öncə vətəndaşlara torpaq sahəsi paylanıb və kimisi bundan yararlanıb, kimisi yararlana bilməyib. İndi “sənin adına torpaq sahəsi var, get torpağı ək, becər, pul qazan” söylənəcək zaman deyil. Ağır vəziyyətdir və dövlət vətəndaşını təmin etməlidir. Müraciətlərə də obyektiv baxılmalıdır. Tutalım 2 nəfərlik ailədir, biri çalışır, biri yox. Ailənin işsiz üzvünə yardım edilməlidir. Çünki ailənin hər bir üzvü ayrı-ayrılıqda fiziki şəxsdir və hər bir insanın ehtiyacları var. Amma onu da vurğulamalıyam ki, birdəfəlik yardımların ayrılmasında düzgün iqtisadi hesablamalar və iqtisadi proqnozlar aparılmalıdır. Çünki heç kəs pandemiyanın nə zaman bitəcəyini bilmir. Düzgün hesablamalar aparılmasa, ölkə zərər çəkər.
F.İbrahimov özəl sektorda çalışanların ötən 2 ayda çətin durumla qarşılaşdığını da bildirdi:
- Təəssüf ki, bəzi sahibkarlıq subyektləri işçilərin hüquqlarını pozdu. Baxmayaraq ki, bir sıra subyektlər qadağa siyahısına düşmədi, məhdudiyyətlərlə olsa da çalışdılar, amma fəhlənin, işçilərin əmək haqqını ödəmədilər. Hətta son 2 həftədə tətbiq olunan “evdən çıxmaq” yasağı günlərində zəruri halda işləməyən işçilərə bəzi sahibkarlar “2 gün işləməmişik, o günün əmək haqqısı verilmir” deyir. Hesab edirəm ki, sahibkarların bu hərəkəti müharibə dövründə fərariliyə bərabərdir. 1-2 ay mənfəət əldə etməsə nə olacaq?!. Belə sahibkarlar müəyyənləşməli və onlar barədə ciddi ölçü götürülməlidir. İşçilər belə hallarla qarşılaşırsa, məhkəməyə müraciət etməlidir. Çünki belə hərəkətlər dövlətin apardığı siyasətə ziddir. Dövlət vətəndaşa yardım edir, biz də hər birimiz vətəndaşlıq borcunu yerinə yetirməliyik.