İqtisadçı Nazim Bəydəmirli bankların pul köçürmələrinə görə soyğunçuluqla məşğul olduğunu deyib. O, şəxsi Feysbuk hesabında bildirib ki, vətəndaşlarımızın nağd hesablaşmaya üstünlük verməyinin əsl səbəbini hökumət niyə aradan qaldırmır?:
“Deməli bir nəfər məndən borc pul istəyir mən ona nağdsız göndərirəm, adamın bankı fərqli bank olduğundan onun balansında 97.26 manat görsənir, o adam bankomatdan pulu çıxardacaqsa, ən azı 1 manat da nağdlaşdırma komissiya haqqı çıxılır.
- bir ay sonra həmin adam mənə pulu geri göndərdikdə eyni prosedur yaşanacaq..
Bir əməliyyat banklara toplam 7 manat 48 qəpik pul qazandırdı və 100 manatın dövriyyəsindən 7.48 faiz itirən vətəndaşlar niyə bir -biri ilə nağdsız hesablaşmaya üstünlük versinlər ki?”.
Mövcud durumu “Sherg.az”a dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bankların pul köçürmələri zamanı soyğunçuluq etmədiyini düşünür. İqtisadçının qənaətincə, banklar kredit verərkən yüksək faiz tələb edirlər:
“Banklar əhalidən 10 faizlə əmanət qəbul edirlər, krediti isə az qala 30 faizlə verirlər. Beləliklə 20 faiz qazanırlar. Pul köçürmələri və nağdsız ödənişlərə gəldikdə bu misal uğurlu deyil. Burada 100 manatdan söhbət gedir, əlbəttə 100 manat çox az məbləğdir. Amma pul köçürmələrində bank üçün prinsipcə fərq etmir, siz 100 manat köçürürsüz, yoxsa 1000 manat.
Bankın bu prosedura sərf edəcəyi, səyi, gücü, işçi vaxtı, resursu eynidir. Ona görə də bir qayda olaraq pul köçürmələrində hansısa bir sabit məbləğ, sabit haqq var. 100 manata görə banklar arada 7 manat qazanır.
Bəli 100 manat üçün 7 manatın qazanılması çox görsənir, amma 10.000 köçürmə olsaydı da yenə eyni məbləğ qazanılacaq. Məsələn, siz banka gedirsiz, bank işçilərinin bu köçürməyə səyi, vaxtı gedir, bank müvafiq elektron sistemə qoşulub ona görə də haqq ödəyir. Bankın da müəyyən xərcləri var. Yəni banka ödənilən 7 manatın hamısı ona qalmır”.
İqtisadçı vurğulayıb ki, bütün dünyada, aparıcı ölkələrdə bankların pul köçürmələrinə görə tutduğu komissiya haqqı kifayət qədər böyük olur:
“Hətta bizdə bu məbləğ azdır. Bizdə bankların kreditlər üzrə faizləri aparıcı ölkələrin faiz dərəcəsindən xeyli yuxarıdırsa, pul köçürmələrinə görə, aşağıdır. Banklarımızın əsas gəliri pul köçürmələri ilə olmur. Bu tam başa düşülən bir şeydir. Bəlkə bu miqdarı azaltmaq olar, lakin banklarımızın soyğunçuluğu pul köçürmələrində yox daha çox kreditlərdədir”.