Görürlər ki, bölgələrdən əvvəlki kimi rahat məhsul gətirmək çətinləşib
Yəni bizim aldığımız məhsul artıq ikinci, üçüncü “əl”dir. Ona görə də qiymət bahadır
Koronavirusdan qorunmaq üçün immunitetin gücləndirilməsi əsas şərtlərdən biridir. Bəlkə də bəxtimiz gətirib ki, virusun yoluxma sayının artması məhz yay fəslinə təsadüf etdi. Meyvə-tərəvəz boldu, ona görə. Di gəl, bu bolluqdan hamı bəhrələnə bilmir, meyvə-tərəvəzin qiymətindəki yüksəliş səbəbindən. Elə bazar var, orda ərik 9 manatdır.
Və ya Şəkidə 2 manat – 2 manat 50 qəpiyə satılan ərik necə olur, Bakıya 5 – 6 manata “gəlib çıxır?”. Gilasın ucuzu 2 manat – 2 manat 50 qəpik. Keyfiyyətli gilas isə 8 manatdır! Çiyələk nisbətən ucuzlaşıb: 1 manat, 1 manat 50-80 qəpiyə. Belə qiymətlərlə immuniteti necə möhkəmlədib koronavirusa qalib gəlmək olar?
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında karantin tətbiqinin bölgələrdən paytaxta gətirilən meyvə-tərəvəzin qiymətinə təsir etdiyini dedi:
- Karantin qaydalarından ən çox sui-istifadə edən də işbazlardır. Görürlər ki, bölgərlərdən əvvəlki kimi meyvə-tərəvəz gətirmək çətinləşib. Kimisinin Bakı qeydiyyatı yoxdur, kimisinin sənədləri düz olmur, icazə kağızı olmur və o avtomobillər geri qaytarılır, şəhərə girişinə icazə verilənlər də qiyməti qaldırır, bilirlər ki, başqa çarə yoxdur, deyilən qiymətə mallarını sata biləcəklər.
Burada artıq vətəndaş həmrəyliyi olmalıdır. Hamımız bilirik ki, indi çətin vəziyyətdir, karantin rejimidir, vətəndaşlar bazara əvvəlki qayda ilə gedib-gələ bilmir. Maddi durum da yaxşı deyil. Belə vəziyyətdən bəhrələnib daha çox gəlir əldə etmək barədə gərək düşünməsinlər. Amma neyləyək ki, bu da reallıqdır.
F.İbrahimov qeyd etdi ki, bazar və marketlərdə qiymət fəqrliliyinin öz səbəbləri var:
- Marketləriin özünün brendi var. Hər market öz müştərisinə uyğun məhsul gətizdirir və qiymət təyin edir. Marketdə piştaxtanın yaxşı, cəlbedici görünməsinə çalışırlar. Xüsusi qablaşdırmalarda qoyulan məhsulun qiyməti də təbii ki, baha olur. Market bilsə ki, müştərisi çox, kütləvi olacaq, ucuz məhsul da gətirər və satar. Amma belə olmayacağını nəzərə alır, meyvə-tərəvəz də tez xarab olan məhsul olduğundan keyfiyyətli, amma baha məhsul gətirir. Ona görə də marketlərdə qiymətlər baha olur.
Amma paytaxtda elə bazarlar var ki, səhər tezdən ora gedilsə, münasib qiymətə hər cür meyvə-tərəvəz almaq mümkündür. Qiymətlərin yüksəlməsinə səbəb həm də budur ki, satış yeri olanlar səhər tezdən o bazarlara gedir, ucuz qiymətə məhsulu alır, qiymətin üstünə qiymət qoyub satır. Yəni bizim aldığımız məhsul artıq ikinci, üçüncü “əl”dir. Ona görə də qiymət bahadır. Bizim əhali bir az çalışqan olub, tənbəlliyin daşını atıb səhər saat 7-də, 8-də bazara getsə, istədiyi qiymətə hər cür məhsulu ala biləcək.
Səhər saatlarında çiyələyi 1 manata, lap 80 qəpiyə də almaq olur. Amma camaat son zamanlar tənbəlləşib. Hamı istəyir ki, evin qarşısına düşsün, oradanca bazarlıq edib yuxarı qalxsın. İşbazlar da, satıcılar da bunu bilir, qiyməti qaldırırlar, bilirlər ki, onsuz da əhali alacaq. Bakıda ta qədim vaxtlardan bazarlıq qaydası olub. Həftədə bir dəfə, ya şənbə, ya bazar günləri evə həftəlik bazarlıq edilərdi, səhər saatlarında.
Tez xarab olan meyvə-tərəvəzi isə bir gündən bir bazardan alırdılar. Bu yanaşma artıq itib. Tənbəlləşmiş əhali əziyyət çəkir, işbazlarsa qazanır.