Siqaret niyə bahalaşır ? – SƏBƏBLƏR SADALANDI

“Siqaret bazarı Azərbaycanda çox inhisarçıdır. Bazar oyunçularının sayı həddindən artıq məhduddur”

“Çox güman ki, qiymət artımı özəl şirkətlərin öz təşəbbüsüdür” 


Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti 15 faizə yaxın artacağı gözlənilir. Hətta bir sıra siqaretlərin qiymətinin 10 qəpik bahalaşdığı söylənilir. Deyilənə görə, bir həftəyə yaxındır şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb. Mağaza sahiblərinə ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığı edilib. “LD”, “Sobranie”, “Kent” və digər markalı siqaretlərin qiymətində isə 40 qəpiyə qədər artımın gözlənildiyi deyilir. 

Siqaretin qiymətinin 20-40 qəpik bahalaşma ehtimalını “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərov deyib ki, tütün məmulatlarının aksiz vergisində və rüsumlarında heç bir artım yoxdur. 
Ekspertin sözlərinə görə, dövlət tərəfindən tütün və tütün məmulatlarının, spirtli içkilərin vergisi qaldırıldığı zaman qiymətlərin yüksəlməsi dünyanın hər yerində normal qarşılanır: 

“Tütün məmulatları və spirtli içkilər sosial məsələ olmadığına və bu sahələrdən gələn vəsait dövlət büdcəsinə daxil edildiyinə görə, vətəndaşların əksəriyyəti siqaretlərin qiymətinin bahalaşmasını o qədər də neqativ qarşılamır. İlin əvvəlində bizdə vergi ilə bağlı dəyişiklik olmuşdu və qiymətlərə təsir göstərmişdi. Lakin hələlik bununla bağlı rəsmi heç bir qərar yoxdur. Əgər tütün məmulatlarının qiyməti dövlətin hər hansı addım atmamasına rəğmən artırsa, deməli qiymətlər bazar oyunçularının öz təşəbbüsləri ilə bahalaşdırılır. Ümumiyyətlə, siqaret bazarı Azərbaycanda çox inhisarçıdır. Bazar oyunçularının sayı həddindən artıq məhduddur. Rəqabət mühitinin olmaması sövdələşmə yolu ilə siqaretin qiymətinin artırılmasına imkan yaradır. Bunun nəticəsidir ki, iki-üç gündür cəmiyyətdə tütün məmulatlarının qiymətinin qaldırılacağı ilə bağlı söz-söhbət dolaşır”. 



İqtisadçı vurğulayıb ki, istehsalçılar və satışı həyata keçirənlər qiymət artımını dünyada tütünün və logistikanın bahalaşması ilə izah edirlər: 

“Pandemiya ilə əlaqədar sərhədlərin bağlı olması logistikanın maliyyəsini də artırır. Daşımalar çox vaxt avtomobillərlə həyata keçirilir ki, bu da əlavə xərclərin meydana çıxmasına gətirib çıxarır. Bəzən karantin xərcləri də həmin daşımacıların üzərinə əlavə olunur. Yəni indiki məqamda daşıma xərcləri kifayət qədər yüksəkdir. Ola bilsin, tütün məmulatının satışını həyata keçirən şirkətlər bunları əsas gətirərək qiymət artımına gedirlər. Amma həmin xərclər qeyd olunduğu qədər qiymət artımına getməyi zəruri edirmi? Əsas sual budur. Xərclər o qədər artmayıb ki, birdən-birə qiymətlərin 15-20 faiz yüksəlməsinə səbəb olsun. Çox güman ki, qiymət artımı özəl şirkətlərin öz təşəbbüsüdür”.