BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədi: “Azərbaycan regional liderdir”

“Uğurlarımız dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur”



Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı isnkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. 



Ölkəmiz üçün kifayət qədər böyük uğur sayılan bu nəticəni "Sherg.az"a dəyərləndirən millət vəkili Azər Badamov bildirib ki, ölkə rəhbərinin həyata keçirdiyi siyasət insanların rifahının yaxşılaşmasına hesablanıb.Deputat vurğulayıb ki, son 17 ildə insan həyatı üçün vacib, həyat şəraitini yaxşılaşdıran geniş islahatlar həyata keçirilib:

"Regionların sosial iqtisadi inkişafı haqqında 3 dövlət proqramının tətbiqi və 4-cü dövlət proqramının icra olunmasına başlanması Azərbaycanın inkişafına gətirib çıxarıb. Cənab prezidentin siyasəti "hər şey insan üçündür" devizi ilə davam etdirilir. Əlbəttə, gördüyümüz işləri hər hansı beynəlxalq təşkilatın reytinqinə düşmək xətirinə etmirik. Məqsədimiz vətəndaşın rifahının yaxşılaşdırılmasıdır. Amma bunula yanaşı Azərbaycan dünyanın bir parçası olduğundan beynəlxalq təşkilatlar  ölkəmizdəki prosesləri yaxından izləyir. Hesabatlarda dünya ölkələrinin reytinqi sırasına düşürük".

Parlament üzvü qeyd edib ki, Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı- 2020”  sənədində tutduğu mövqeyinə görə regional liderliyə haqq qazanıb: 

"Azərbaycan hesabatda 100 balından 72,6 bal toplamaqla Şərqi Avropa və Mərkəzi Asiya  regionunda orta göstərici olan 70,9 baldan yuxarı bal toplayıb. Hesabatda bir çox istiqamətlər üzrə, məsələn, gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb, hər 100 min  nəfərə görə ana və körə ölümü aşağı olub və s. ciddi uğurlar əldə olunub.

Son 17 ildə ölkəmizdə yenidən qurulan sosial infrastrukur, səhiyyəmizin müasirləşməsi, ölkədə mövcud olan mili təhlükəsizlik, milli həmrəylik mühiti, 2019-cu ildə icra olunan iki sosial paket insanların maddi vəziyyətini yaxşılaşdırıb.

Uğurlarımız beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı ölkəmizi regional liderə çevirib".