“Bu hesabatda Azərbaycan regionun üç aparıcı ölkəsi sayılan Rusiya, Türkiyə və İranı da geridə qoyub”
“Sözügedən sənədin Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir göstərəcəyinə şübhə etmirəm”
"Azərbaycanın “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında 54-cü pillədə qərarlaşmasını ilin əsas sosial-iqtisadi hadisəsi hesab etmək olar".
Bu sözləri "Sherg.az"a Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, bu indeksə əsasən, dünyada hər 3 ölkədən 2-sini qabaqlayan Azərbaycan faktiki olaraq regional lider statusunu əldə etmiş sayılır:
"Hesabatdan da göründüyü kimi ölkəmiz bütün qonşularını geridə qoyub. Belə ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Nəzərə alsaq ki, BMT-nin "Davamlı inkişaf hesabatı" bütün dünya miqyasında ən mötəbər hesabatlardan birincisi hesab olunur, bu hesabatda Azərbaycanın bu cür müsbət mövqedən təqdim edilməsi həqiqətən də sevindirici haldır. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması heç şübhəsiz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən köklü iqtisadi və sosial islahatların nəticəsidir".
Politoloq bildirib ki, islahatlar ilk növbədə məhz davamlı inkişafa xidmət edir:
"Bu gün davamlı inkişaf Azərbaycan üçün prioritetidir və aparılan islahatlar növbəti illərdə də Azərbaycanın inkişafının davam etdirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin bu yaxınlarda Dünya Bankının rəhbəri ilə videkonfrans formatlı görüşdə islahatlarla bağlı səsləndirdiyi fikirlər də bunun təsdiqidir.
Dövlətimizin başçısı islahatların aparılmasının dayanıqlı inkişaf üçün zəruriliyi məsələsinə toxunaraq bildirmişdi ki, iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil: "Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır.
Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir”.
Ə.Hüseynova görə, BMT “Davamlı İnkişaf Məqsədləri üzrə İndeks”i hazırlayarkən həm iqtisadi, həm də sosial sahədə aparılan islahatların nəticələrinə istinad edir:
"Makroiqtisadi və sosial göstəricilərdə baş verən dəyişikliklər hesabatda öz əksini tapıb. Budəfəki hesabatda Azərbaycan faktiki olaraq regionun üç aparıcı ölkəsi sayılan Rusiya, Türkiyə və İranı da geridə qoyub. Bu çox əlamətdar bir hadisədir. Sözügedən hesabatın Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir göstərəcəyinə şübhə etmirəm.
Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasını pandemiya dönəminin ən xoş xəbərlərindən biri kimi qiymətləndirirəm".