Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı isnkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir.
Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb.
Beynəlxalq qurumun reytinqi ilə bağlı "Sherg.az"a danışan millət vəkili Müşfiq Cəfərov deyib ki, bu gün davamlı inkişaf konsepsiyası dünyanın elmi ictimaiyyəti tərəfindən dəstəklənir.
Deputat vurğulayıb ki, Azərbaycanda da davamlı inkişaf prinsipləri təcrübədə və iş mühitində geniş miqyasda tətbiq olunur:
"Proqramda dayanıqlı inkişafın 3 əsas təməl prinsipi - iqtisadi artım, sosial irəliləyiş və ətraf mühitin dayanıqlılığı üzərində qurulmuş və inkişafa qarşı mövcud maneələri aradan qaldırmaq üçün vahid yanaşmanın əhəmiyyəti göstərilib. Məhz bu amillər üzərində olan göstəriciyə görə respublikamız bütün qonşu ölkələri qabaqlayıb. Bu inkişafın mərkəzində son dövrlərdə aparılan uğurlu uzaqgörən daxili və xarici siyasət dayanır. Adətən davamlı inkişaf dedikdə, indiki zəmanənin tələblərini ödəyə biləcək inkişaf prosesi, eyni zamanda gələcək nəsillərin tələbatlarını ödəmək imkanını təmin etmək nəzərdə tutulur ki, Azərbaycanın bu sahədə çoxlu uğurlar əldə etdiyi dünya ölkələri tərəfindən də təsdiqlənir. Davamlı inkişafa daxil olan iki başlıca anlayış tələbatlar və məhdudiyyətlərdir.
Davamlı inkişafın üç əsas konsepsiyası olan iqtisadi, sosial və ekoloji faktorların inkişafına yönəlik ölkəmizdə lazımı tədbirlər həyata keçirilir".
M.Cəfərov bildirib ki, bu vacib elmentlərin qarşılıqlı fəaliyyəti ölkənin davamlı inkişafını təmin edir:
"Davamlı inkişaf bəşəriyyətin inkişaf göstəricilərinin seçilməsi və reallaşmasında, özündə iqtisadi, ekoloji və sosial komponentləri birləşdirən sistemli yanaşmanın həyati vacibliyinin dərk olunmasını əks etdirən yeni inkişaf paradiqmasıdır. Azərbaycan bu paradiqmada regionun lider ölkəsi olduğunu sübut etdi. Burada söhbət müasir cəmiyyətin dəyərlərinin və məqsədlərinin, insan fəaliyyətinin müxtəlif sferalarının istiqamət və məzmunun köklü şəkildə dəyişdirilməsi əsasında bəşər inkişafının yeni çağa keçməsindən gedir. Çiçəklənmə, ədalət və sağlam ətraf mühit insanın daha yaxşı gələcək barədə arzularını ifadə edir. Respublikamızdakı davamlı inkişaf, düzgün seçim və düzgün siyasət vasitəsi ilə bu arzunun həyata keçirilməsini mümkün etdi. Bunun üçün insanların tələbatının elə təmin olunması nəzərdə tutulur ki, bu, biosferanın deqradasiyasına, gələcək nəsillərin maraqlarının sıxışdırılmasına gətirib çıxarmasın. Yəni dövlət siyasətində sosial təminat indiki nəsil üçün həyata keçirilməklə yanaşı gələcək artan nəsil də nəzərə alınmalıdır".
Parlament üzvü qeyd edib ki, son illərin islahatları göstərdi ki, dövlətimiz cəmiyyətin yalnız iqtisadi və ekoloji təhlükəsizliyini deyil, həmçinin siyasi, sosial inkişafını da nəzərdən qaçırmır:
"Beləliklə demək olar ki, hazırda Azərbaycan həm regional, həm də qlobal səviyyədə olan dəyişikliklərə uyğunlaşmağa hazırdır. Bunun üçün ölkə başçısı müxtəlif ölkələrin qüvvəsinin birləşdirilməsi, yaranmış vəziyyətin hərtərəfli tədqiqi, davamlı inkişaf strategiyası əsasında vacib olan tədbirlərin həyata keçirilməsi üçün qlobal liderlik nümayiş etdirməyə hər an hazır olduğunu sübut etdi.
Dayanıqlı İnkişaf Məqsədlərinin qarşısında duran əsas məsələ mövcud problemlərin ilk öncə milli səviyyədə həllinə nail olunmasıdır. Azərbaycanın siyasətinin mərkəzində insan faktoru dayanır, sosial inkişafa daha çox önəm verilir. Bu sosial inkişaf da həmçinin ekoloji və iqtisadi inkişafı təşviq edir. Təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də bərabərlik tələb edir ki, onlar da bizim sahib olduğumuz iqtisadi, ekoloji və sosial bərabər cəmiyyətə sahib olsunlar. 2015-ci ilin sentyabrında dünya liderləri insanları və planeti dayanıqlı inkişaf yoluna aparacaq birgə razılaşdırılmış hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdilər. Bu məqsədlər aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün ölkələrin qlobal fəaliyyət istiqamətlərini müəyyən edəcək yeni inkişaf gündəliyinin təməlini qoyub. Milyonlarla insan həyatı məhz həmin inkişaf gündəliyinin birgə tətbiqi nəticəsində xilas olub. Minilliyin inkişaf məqsədləri ifrat yoxsulluğun azaldılması, daha yaxşı içməli su mənbələrinə çıxışın təminatı, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması və ibtidai məktəblərdə gender bərabərliyinin əldə olunması kimi hədəfləri reallaşdırıb".
Müşfiq Cəfərovun fikrincə, Azərbaycanda 2000-2015-ci illər Dayanıqlı İnkişaf Proqramı çərçivəsində aparılan siyasət nəticəsində ifrat yoxsulluq aradan qaldırılıb:
"Mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb. Məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələri 100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub. 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28 faizdən 12.8 faizə düşüb. Yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib. Malyariyanın tam qarşısı alınıb, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunub. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri indeksinin göstəricisinə görə Azərbaycan dövlətinin regionun lider, ümumdünya üzrə isə 54-cü pillədə qərarlaşması aparılan islahatların, nüfuzlu dünya birlik və təşkilatları tərəfindən yüksək qiymətləndirildiyinin sübutudur".