Konstitusiya Məhkəməsi iyulun 28-də blok olunmuş əmanətlərlə bağlı məsələyə baxıb. Məhkəmə yekun qərarını ictimaiyyətə yaxın günlərdə təqdim edəcək.
Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok olunub.
Məsələni “Sherg.az”a şərh edən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Mərkəzi Bank sədrinin bəyanatından hiss olunur ki, nəzarətedici qurumlar məhkəmədən pozitiv, yəni vətəndaşların xeyrinə qərar gözləyirlər:
“Təbii ki, biz də vətəndaşların xeyrinə qərarın qəbul ediləcəyinə ümid edirik. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir və göründüyü kimi ki, məbləğ kifayət qədər böyükdür. Mərkəzi Bankın diqqəti çəkən iki mühim məqam var. Birincisi, əvvəllər bizim də qeyd etdiyimiz kimi, Mərkəzi Bank da bu məsələdə əhalinin heç bir günahının olmadığını bəyan edib. Bu o deməkdir ki, günah vətəndaşların deyil, qanunsuz əmanət qəbul edən bankların olduğu üçün vətəndaşların pullarının tam məbləğdə qaytarılmasına ehtiyac var. İkincisi, Mərkəzi Bank bizim təklifləri dəstəkləyir və bank menecerlərinin məsuliyyətinin artırılmasının tərəfdarıdır. Bununla bağlı, Mərkəzi Bank Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcək. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bu günkı açıqlaması əmanətçilərin hüquqların qorunması baxımdan təqdirəlayiqdir”.