"Müsbət dinamikanı qoruyub, saxlamaq lazımdır. İmkan verilməməlidir ki, may ayındakı yumşalmadan sonra yaşanan xoşagəlməz hallar yenidən təkrarlansın".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, xüsusi karantin rejiminin davam etdiyi dönəmdə hamı karantin qaydalarına, Operativ Qərargahın qərarlarına, TƏBİB-in tövsiyyələrinə, xüsusilə, ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına əməl etməlidir:
"Hamı bir nəfər kimi tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir. İnsanlar ehtiyac və zərurət olmadığı təqdirdə, küçəyə, bayıra çıxmamalıdır. Həm özünü, həm də ətrafını qorumalıdır. Bu məsələdə ikinci bir yanaşma olmamalıdır. Virusdan birdəfəlik xilas olmağın, normal həyata qayıtmağın yeganə yolu tibbi maska, əlcək taxmaq və sosial məsafə saxlamaqdır. Heç kim bu önləmlərə laqeyd yanaşmamalıdır. 6 aya yaxındır dünyada və ölkəmizdə koronavirus pandemiyası yaşanmaqdadır. Bütün dünya ölkələri, bəşəriyyət kimi, Azərbaycan dövləti və Azərbaycan xalqı da bu bəla, “gizli düşmən” ilə mübarizə aparmaqda, çarpışmaqdadır. Bir çox inkişaf etmiş, qabaqcıl dövlətlərlə müqayisədə ölkəmizdə koronavirus bəlasına qarşı daha ciddi və daha barışmaz mübarizə aparılmaqdadır. Bir çoxları ilk vaxtlarda bu bəlaya saymazyana, ötəri bir hal kimi yanaşanda, dövlətimiz məsələnin ciddiyyətini anlayaraq, koronavirus pandemiyasına qarşı daha kəsərli və önləyici addımlar atmağa başladı. Məhz dövlətin, dövlət başçısının qətiyyəti, iradəsi nəticəsində bu bəlanın daha da genişlənməsinin, böyük faciələrə yol açmasının qarşısı alındı".
E.Səlimov vurğulayıb ki, hökumət var gücü ilə çalışır ki, koronavirus bəlası insanlarımıza, iqtisadiyyatımıza öldürücü zərbələr vurmasın:
"6 aya yaxın dövr ərzində də görülən işlər göz önündədir. Dövlət başçımızın müşavirədə qeyd etdiyi kimi, ötən dövrdə təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Həmçinin, qeyd olundu ki, artıq bir neçə aydır 600 minə yaxın insana 190 manat müavinət verilir və bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Artıq avqust ayında da onlara 190 manat ödənilənəcək. Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətin və dövlət rəhbərinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq. Məhz görülən işlərin, atılan addımların nəticəsidir ki, artıq son 3-4 gündə yoluxma sayı 100-ə yaxınlaşır. Yoluxanlarla müqayisədə sağalanlar daha çoxdur".