“İpoteka kreditləri təyinatı üzrə verilmir” - Şübhələr var !

“İpoteka məsələləri hansısa banklara həvalə edilsə, belə şübhələr də çoxalacaq”

“Azərbaycanın bank sistemində inhisarçılıq meyilləri kifayət qədərdir”


“Banklara uzun müddətli, aşağı faizli kredit sərf etmir. Deməli, dövlətin müxadiləsi olmadan məsələni həll etmək mümkün deyil. İpoteka işlərini ya dövlətə aid olan Beynəlxalq Bankla, Azər-Türk Bank öz öhdəsinə götürməlidir, ya da ayrıca bir fond, qurum  yaradılmalıdır”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ipoteka faizlərinin həddədin çox olması barədə danışarkən deyib. Onun sözlərinə görə, hər iki halda ipoteka dəyəri 3-4 faiz olacaq:

“Bu isə iqtisadiyyatda ciddi canlanmalarla nəticələnəcək. Yeni tikililər inşa ediləcək və təbii ki, onlarca iş yeri açılacaq”.


 
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında səslənən fikirlə razılaşmadığını bildirib: 

“Əvvəla, konstitusiyaya görə mülkiyyətin formaları bərabərdir. İkincisi də, axı dövlət bankları özəlləşdirilməli idi... Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın bank sistemində inhisarçılıq meyilləri kifayət qədərdir.

Əgər təklif reallaşsa, vəziyyət daha da pisləşəcək. Çünki banklar nə qədər azalarsa, korrupsiyanın artmasına bir o qədər şərait yaranacaq.

Eyni zamanda ipoteka kreditlərinin təyinatı üzrə verilməməsi barədə şübhələr var. Dəfələrlə bu barədə çıxışlar etmişəm. İpoteka məsələləri konkret hansısa banklara həvalə edilsə, belə şübhələr də çoxalacaq.

Odur ki, təklif başa düşülən deyil. Onu da deyim ki, ölkədə sözügedən proseslərlə məşğul olan qurum var. Bu, ipoteka fondudur”.