Neftimizə maraq böyükdür, indi də fındıq ləpəsi bu ölkəyə göndərilir
Cari ilin yanvar-iyul aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, yeddi ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 2 milyard 933,2 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 709,5 milyon dollar, Rusiyaya isə 430,7 milyon dollar dəyərindədir. Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 179,9 milyon dollar, Türkiyə ilə 2 milyard 577,9 milyon dollar, Rusiya ilə 1 milyard 514 milyon dollar təşkil edib.
İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, 2015-ci ildə Azərbaycandan İtaliyaya 2 milyard 254 milyon 330,5 min dollarlıq (ümumi ixracda payı 19,73%) mal ixrac edilib. Ekspert bildirib ki, neftimizin təqribən 30%-ə yaxınını, bəzi aylarda isə hətta 40 %-ə yaxının alınması İtaliyanın payına düşür:
"Heç şübhəsiz ki, burada xam neft və neft məhsulları üstünlük təşkil edir. Bunun başlıca səbəbi isə, İtaliyanın neftayırma zavodlarının neftimizə uyğun şəkildə tənzimlənməsidir. Ona görə də, Azərbaycan neftinin keyfiyyətini nəzərə alaraq İtaliya zavodları əsasən avia-keratin istehsal edirlər. Məhz bu səbəbdən də, ticarət dövriyyəmizdə uzun illərdir ki, əsas ticarət tərəfdaşımız İtaliyadır. Demək olar ki, başqa ixracatımız yoxdur.
İqtisadçı-ekspert İtaliyaya qeyri-neft sektoruna aid məhsulların ixracında fındıq ləpəsi öndə olduğunu vurğulayıb:
“Bildiyiniz kimi, dünyada ən böyük fındıq emal edən şirkətlərdən biri İtaliyada yerləşir və şirkət Azərbaycan fındığını almağa başlayıb. Əvvəllər Azərbaycan fındığı daha çox Türkiyəyə ixrac olunurdu, lakin son vaxtlar sahibkarlar bu məhsulun digər ölkələrə də satışını həyata keçirirlər. İtaliyanın şərabçılıq sahəsində böyük təcrübəsini nəzərə alaraq, yaxın gələcəkdə bu ölkəyə üzüm də ixrac edilə bilər”.
N.Cəfərli İtaliyadan ölkəyə idxal olunan məhsulların olduğunu da qeyd edib:
“ İxrac yanaşı bu ölkədən Azərbaycana bir sıra məhsulllar idxalı olunur. Onlar əsasən, bahalı mebel, geyim əşyaları, habelə qranit və mərmər kimi bahalı tikinti materiallarıdır”.