“Ona görə də kafe və restoranlardakı qiymət artımı insan faktoru ilə bağlıdır”
“Restoranların uzun müddət işləməməsi, icarə haqlarının ödənilməməsi, bu sahədə işləyənlərin gəlir əldə edə bilməməsi süni şəkildə qiymətlərin artımına şərait yaradıb”
Bakıda kafe və restoranlarda qiymətlər artıb. Məlumdur ki, fəaliyyətinə icazə verilən sahələrdən biri restoran və kafelər oldu. Uzun zamandan sonra açıq havada bu məkanlarda vaxt keçirməyə üstünlük verən müştəriləri restoranların qiymətləri təəccübləndirib.Deyəsən, bu məkanlara gələn qonaqların sayı ilə qiymət bir- birinə tərs mütənasibdir. Yəni adam sayı azaldıqca qiymət artıb. Kafe və restoranlarda 20 faizə qədər qiymət artımı müşahidə olunur.
Bunun süni qiymət artımı olduğunu deyən iqtisadçı-ekspert Fuad İbrahimovun “Sherg.az”a açıqlamasına görə, ölkəmizdə pandemiya dövründə manat sabit qaldı:
“Yəni 1.70 kursu stabil olaraq qalır. Belə olduğu halda kənardan qiymət artımına təsir edə biləcək hansısa fakt yoxdur. Ona görə də kafe və restoranlardakı qiymət artımı insan faktoru ilə bağlıdır.
Restoranların uzun müddət işləməməsi, icarə haqlarının ödənilməməsi, bu sahədə işləyənlərin gəlir əldə edə bilməməsi süni şəkildə qiymətlərin artımına şərait yaradıb.
Restoran sahibləri xərcləri ilə gəlirləri arasındakı tarazılığı qorumaq üçün qiymətləri artırıblar. Başqa bir səbəb yoxdur. Səbəb insan faktoru və mövcud durumdur”.