Sərhədlər açılsın, düşünərik

Azərbaycan da güzəştli kampaniyalarla turistləri ölkəmizə cəlb edə bilər


Dünyanı cənginə alan koronavirus ölkələrin iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərdi. İqtisadi itkilər ən çox ölkələrin turizm sektorunda özünü büruzə verdi.

Pandemiyanın hələ də mövcud olmasına baxmayaraq, artıq bir sıra ölkələr yenidən səfərlərin həyata keçirilməsi üçün mühüm turizm kampaniyalarına başlayıblar. Məsələn, ABŞ-ın Las Veqas şəhərində bir şirkət turizmi inkişaf etdirmək üçün pulsuz uçuş biletləri təşkil edib.

İsveçrə otellərə və səyahətlərə 65 faiz endirim edəcəyini, Cənubi Kipr isə koronavirusa tutulan turistlərin dərman, yaşayış və yemək xərclərini qarşılayacağını bildirib. Ancaq Özbəkistan turizmin canlandırılması istiqamətində ən maraqlı kampaniyanı həyata keçirən ölkələr sırasında olub. Belə ki, bu ölkə koronavirusa yoluxanlara 3000 dollar verəcəyinə söz verib. Bəs, Azərbaycana turistlərin cəlb olunması üçün turizm şirkətləri tərəfindən hansı kampaniyalar həyata keçirilə bilər?

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu gün iqtisadiyyatın turizm sektoru pandemiyadan ən çox zərər çəkən sahələrdən biridir. Onun sözlərinə görə, post-pandemiya dövründə Azərbaycanda turizm daha çox dəstəyə ehtiyacı olan sahələrdəndir:

"Bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya ilə əlaqədar olaraq sərhədlər bağlandı. Bu səbəbdən ölkəyə ancaq Vətənə qayıtmaq istəyən vətəndaşlarımız buraxıldı. Təbii ki, pandemiya başa çatdıqdan sonra turizm sektorunun bərpasına dair bir sıra tədbirlər planı həyata keçirilməsi gərəkli olacaq". 

Hazırda daxili turizmdə nəzərəçarpan dərəcədə zəifliyin olduğunu diqqətə çatdıran ekspert bunun səbəbini regionlara gediş-gəlişin bağlı olması ilə əlaqələndirib:

"Regionlarda turizmin bu yaxınlarda canlanması ehtimalı da aşağıdır. Çünki daxili turizm üçün ən azından sərbəst gediş-gəliş bərpa olunmalıdır. Bu ilkin addımlardan sonra turizm sahəsinin bərpası istiqamətində ciddi tədbirlər görüləcək. Burada ola bilər ki, otel, bilet qiymətlərində müəyyən güzəştlər, kampaniyalar olsun.

Hətta  reklamların aparılması ilə bağlı proqramlar düşünmək olar. Amma təməl problemlər həll olunmadan hansısa aksiyaya elan etməyin mənası da yoxdur. Çünki bunun effekti olmayacaq.

Əgər sərhədlər açılarsa, o zaman müəyyən təşviq addımları, reklam aksiyalarının olma ehtimalı da mümkündür. Məsələn, biletlər endirimlə turistlərə təklif oluna bilər. Həmçinin xaricdən gələn turistlərin biletlərində müəyyən dotasiyaların qəbul olunması ilə istiqamətində də  işlər hazırlana bilər.

Ancaq indiki mərhələdə əsas məsələlər texniki məsələlərdir, yəni sərhədlər açılmalı, regionlara  gediş-gəliş bərpa olunmalıdır. Bundan sonra müəyyən proqramlar tətbiq etmək barədə düşünmək olar".