Daha qənaət rejiminə öyrəşməliyik

"Gecə-gündüz tarifi"nə keçiləcəksə, yaxşı olar ki, qış və yay rejimi elan olunsun

Qarşıdakı illərdə elektrik enerjisi tariflərinin hesablanmasında dəyişiklik ediləcəyi gözlənilir. Verilən məlumatlara görə, bununla bağlı hazırda müzakirələr aparılır. Energetika Nazirliyi tərəfindən “Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanıb. Layihəyə əsasən günün pik saatlarında sərf olunan elektrik enerjisinin qiyməti ilə, qeyri-pik saatlarda istifadə olunan elektrik enerjisinin qiymətləri fərqli olacaq. Buna “gecə-gündüz” tarifləri də deyilir. Pik saatlarda istifadə olunan elektrik enerjisinə görə daha yüksək tarif, qeyri-pik saatlara görə isə daha ucuz tariflərin müəyyən ediləcəyi gözlənilir. Məlumdur ki, hazırda əhali qrupu abunəçiləri üçün elektrik enerjisinin 1 kVt/saatının qiyməti ay ərzində 300 kVt/saata qədər istifadə edildikdə 7 qəpik, bu limit keçildikdə isə 11 qəpikdən hesablanır.

Gecə-gündüz tariflərinin necə hesablanacağı hələ bəlli deyil. Bunun əhaliyə nə xeyir gətirəcəyini isə iqtisadçı Əkrəm Həsənovdan öyrənməyə çalışdıq. İqtisadçı yeni tarif sisteminə keçidin bir neçə səbəblə bağlı ola biləcəyini dedi: 

- Əgər sağlam məntiqlə götürsək, “gecə-gündüz tarifi” əhalini daha qənaətcil olmağa, elektrik enerjisindən lazımsız istifadəyə yol verməməyə sövq edir. Bilirik ki, xüsusən payız-qış mövsümündə elektrik stansiyaları və yarımstansiyalar həddindən artıq yüklənir və stansiyalar güclü təzyiqlə işləyir. Bu isə bəzən stansiyalar və yarımstansiyalarda qəzalara səbəb olur, nəticədə bəzən paytaxtda, regionlarda elektrik enerjisinin verilməsində fasilələr yaranır. Mən qəbul edirəm, bəli, əhali qış aylarında elektrik enerjisindən çox istifadə etməyə bəzən məcbur qalır. Elə mənzillər var, istilik sistemi yoxdur və sakinlər məcburiyyət qarşısında elektrik plitələrindən istifadə edir. Həmçinin qış aylarında günün işıqlı saatları daha az olduğundan elektirk enerjisindən istifadə müddəti də artmış olur. Məsələn, yay aylarında küçə işıqları, deyək ki, axşam saat 20:00-dan sonra yandırılırsa, qış aylarında 17:00-dan hava qaraldığından küçə işıqları da yandırılır. Vaxt və iqlim baxımından elektrik enerjisindən istifadə yay mövsümünə nisbətən qış aylarında xeyli fərqlidir. Amma sakinlər, şirkət və müəssisələr elektrik enerjisini qənaətlə istifadə etməlidir. Əhali də başa düşməlidir ki, lazımsız yerə elektrik enerjisi istifadə etmək ailə büdcəsinə ziyan verər. Bəzən görürük, hansısa müəssisə, idarə lazım olmadığı halda, elektrik enerjisini israf edir. Bu israfçılığın qarşısı alınmalıdır. Bu, bir səbəbdir. İkinci səbəb, zənnimcə, bizim işğaldan azad edilmiş ərazilərimizə, doğma Qarabağımıza qayıdışla bağlıdır. Bilirik ki, işğaldan azad edilmiş bölgələrimizdə artıq quruculuq işlərinə başlanılıb. Müəyyən müddətdən sonra insanlarımız doğma yurdlarına qayıdacaq. Bütün bu bölgələrə elektrik enerjisi lazımdır. Bəli, Azərbaycan elektrik enerjisi istehsalçısı olan bir ölkədir. Bizim resurslarımız əhalinin elektrik enerjisi ilə tam təminatına imkan verir. Lakin biz qənaətcil olmağı da öyrənməliyik.

Ə.Həsənovun fikrincə, “gecə-gündüz tarifi”nə keçiləcəksə, yaxşı olar ki, qış və yay rejimləri elan olunsun: 

- Çünki qış və yay aylarında elektrik enerjisinin sərfiyyatı fərqlidir. Həm də tarifləri də tarazlamaq lazımdır ki, əhali qrupundan olan abonentlərə güc düşməsin. Əhali üçün pik saatlarda istifadə ediləcək elektrik enerjisinə görə tarifləri ödəmək əlçatan olsun.