"Bu xəmir hələ çox su aparacaq"

"Pomidor və alma biznesi ilə məşğul olan şəxslər xüsusilə öz təsərrüfatlarına diqqət etməlidir"

Yanvar ayı ərzində Azərbaycandan Rusiyaya göndərilən ümumilikdə 120 ton pomidor geri qaytarılıb. Buna səbəb isə həmin məhsullarda Cənubi Amerika günəşinin aşkarlanması olub. Mövzu ilə bağlı "Şərq"ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd edib ki, Rusiyanın özündə bu problem var: "Azad İstehlakçılar Birliyinin 123 ölkədə bu tip təşkilatları var ki, bizim onlarla xüsusi əlaqələrimiz var. Həmin məsələ ilə bağlı biz digər ölkələrdə olan həmkarlarımızla əlaqə saxladıq.

Danışıqlar zamanı məlum oldu ki, əslində  Rusiyanın özündə Cənubi Amerika güvəsi adlı xəstəlik var. Buna görə də onların iddiaları çox absurddur. Rusiya və Qazaxıstanla sözügedən məsələ haqqında danışıqlar aparılır. Artıq 39-a qədər pomidor istehsalçısına xarici bazara çıxmaq üçün icazə verilib". 

Eyyub Hüseynov deyir ki, məhsullarda hər hansı ziyanverici maddə aşkarlanarsa fermer özü AQTA-ya müraciət etməlidir ki, problem aradan qaldırılsın: 

"Ölkəmizdə bu işlə məşğul olan fermerlər ciddi məsuliyyət daşıyır. Dövlət həmin şəxslər  üçün müstəqil şərait yaradıb. Onlara heç kim toxunmur. Başqa ölkələrdən fərqli olaraq biz biznesin inkişafı üçün əlimizdən gələni edirik. AQTA məhsulları bir-bir araşdırmalı deyil. Gərəkdir ki, fermerlər də öz təsərrüfatlarını qorusunlar.  Əgər mənfi hal müşahidə olunarsa, istehsalçı quruma müraciət etməlidir. Fermerlər bu haqda məlumat verdikdən sonra AQTA-nın əməkdaşları məhsullara baxış keçirərək ziyanvericilər haqqında onlara  məsləhət verməklə problem aradan qaldırıla bilər. Pomidor və alma biznesi ilə məşğul olan şəxslər xüsusilə öz təsərrüfatlarına diqqət etməlidir".

Aytac Ali