Turizm sektoru postpandemiya dövrünə hazırlaşmalıdır

"Pandemiya dövrü insanların maliyyə imkanlarını azaltdığından bahalı otellərə üstünlük verilməyəcək. Daha çox hostellərə tələbat yaranacaq"


Ərazilərimizin 20 faizi işğal altında olduğu illərdə Azərbaycan güclü iqtisadiyyata sahib ölkəyə çevrildi. Əlbəttə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi idi. Baxmayaraq ki, ərazilərimiz işğal altında idi, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz vardı, onların sosial problemlərinin həlli vacib məsələlər idi, üstəlik, mənfur düşmən təxribatlara da ara vermir, atəşkəs rejimi mütəmadi pozulur, təmas xəttinə yaxın ərazilərdə məskunlaşmış əhali üçün real təhlükə yaranır, ölənlər, yaralananlar olurdu, cəbhədə Azərbaycan ordusu düşmən təxribatlarına cavab vermək məcburiyyətində qalırdı.

Hətta belə çətin şəraitdə də Azərbaycan regionun güclü ölkəsinə çevrilə bildi. İcra olunan dövlət proqramları sayəsində məcburi köçkünlər üçün yeni qəsəbələr, yaşayış massivləri inşa edildi. Son 20 ildə Azərbaycan bir çox dövlətlərin qibtə edəcəyi inkişaf mərhələsinə yüksəldi. İşğal faktoru nə qədər acı, fəlakətli olsa da, dövlət başçısının yorulmaz fəaliyyəti, güclü səyləri nəticəsində ölkəmizdə yüksəlişə nail olundu. Həyatın bütün digər sahələri ilə yanaşı turizm sektoru da son illərdə özünün yüksək inkişaf mərhələsinə qədəm qoydu. Lakin 2020-ci il dünyaya koronavirus pandemiyası ilə damğa vurdu və vəziyyətin normallaşmaya doğru getdiyini söyləmək hələ də çətindir. Pandemiya hər sahədə itkilər yaratdı. Təbii ki, ən böyük itki insan tələfatıdır. Hazırda dünyada koronavirusdan dünyasını dəyişənlərin sayı 3 milyonu ötür. Azərbaycan da dünyanın bir parçası olaraq pandemiyanın zərbələrinə məruz qalıb və hazırda da karantin rejimi davam etməkdədir. Pandemiyanın sosial həyata, iqtisadiyyata vurduğu ziyanlar məlumdur. Lakin pandemiyadan ən çox zərər çəkən sahələrdən bəlkə də birincisi məhz turizmdir. Ölkələrin tələfatları azaltmaq üçün məcburiyyət qarşısında tətbiq etdiyi karantin rejimi insanların nəinki səyahət imkanlarını, hətta bir yerdən digərinə yerdəyişməsini də daraltdı. İnsanlar evlərini tərk etmədi, başqa ölkələrə səyahət, turizm bölgələrində istirahət arzuları gerçəkləşməmiş qaldı. Sanki insanlar donub qaldılar, hərəkət etməz hala gəldilər. Əlbəttə ki, belə vəziyyət turizm sektorunu çökdürmək üçün bəs edirdi. Bəzi ölkələr turizm sektoru çökməsin deyə, yoluxma sayı nisbətən azalan kimi qapılarını səyahətlər üçün açdı, lakin yoluxmanın yenidən alovlandığını görüb təkrar qapanmalara getməli oldular. Azərbaycansa yenə də dövlət başçısının uzaqgörən siyasəti nəticəsində turizm sektorunun, sahibkarlığın itkilərinin minimuma endirilməsinə nail oldu.  Burada əsas məqsəd vətəndaş maraqlarının qorunması idi. Turizm sektorunda sahibkarlıq subyektləri pandemiyadan əziyyət çəkməsin deyə, dövlət proqramı çərçivəsində yardımlar gerçəkləşdirildi.                  

Postpandemiya dövründə da müəyyən məhdudiyyətlər olacaq 

Bu məsələni Prezident İlham Əliyev ötən il – pandemiyanın kəskin vaxtlarında BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında keçirilmiş videokonfransda da qeyd etmişdi: “Əlbəttə, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq. Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək”. Prezidentin çıxışından da görünürdü ki, dövlət siyasəti vətəndaşların sosial tələbatlarının ödənməsinə, ictimai maraqların təmin edilməsinə yönəlib. Dövlət çalışırdı ki, pandemiya dövründə faktiki fəaliyyətsiz qalan sahələr sıradan çıxmasın, bu sektorlarda çalışanlar maddi sıxıntı yaşamasın, tələbatları gərəkən səviyyədə ödənilsin. Əsas məsələ pandemiya dövrünü başa vurmaq, postpandemiya dövrünə hazırlaşmaqdır. Turizm sektoru çökərsə, onun dirçəldilməsi çox çətin olacaq və bu, xeyli zaman aparacaq. Amma turizm sektoruna maliyyə dəstəyi göstərilsə, sektor ayaqda qalmağı bacarar və əsas gücünü postpandemiya dövründə realizə edər. İndi biz görürük ki, artıq işğaldan azad edilmiş Qarabağda turizm potensialı haqqında danışılır və bu sektorun inkişafı üçün geniş imkanlar olduğu bildirilir. Əlbəttə ki, Qarabağ hazırda bütün dünyanın diqqət mərkəzindədir. Gözlər ora dikilib. Bu, təbiidir. Xain düşmənin xarabalığa çevirdiyi əraziləri Azərbaycan dövləti və Azərbaycan insanı necə dirçəldəcək, həmin ərazilər ölkənin digər bölgələri ilə necə ayaqlaşacaq? Məsələ burasındadır ki, pandemiya hələ bitməyib. Bitsə belə, turizm sektorunda əvvəlki sərbəstliyin bərqərar olması üçün uzun müddət lazım gələcək, hətta köhnə qaydaların yenilənməsi də labüd olacaq. Vətəndaşlar, sahibkarlar bu vəziyyətdən necə az itki ilə çıxa bilər və daha yüksək qazanc əldə etmək üçün nələr etməlidirlər? 

Yerli əhaliyə turizm potensialından bəhrələnmək imkanı yaradılmalıdır         

Mövzu ilə bağlı fikirlərini “Şərq”ə bildirən iqtisadçı Fuad İbrahimov işğaldan azad edilmiş ərazilərə yaxın zamanda turist axınının şahidi olacağımızı dedi:

- İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq, tikinti, abadlıq işləri aparılır. Beynəlxalq aeroportlar tikilir, yollar çəkilir. Bütün bunlar Qarabağ bölgəsinin infrastrukturunun yenidən qurulması deməkdir. Cənab Prezident də Qarabağa, Şuşaya hər səfərində işlərin gedişatı ilə şəxsən tanış olur, lazımi tapşırıqlar verir. Prezidentin də, bizim hamımızın da istəyi budur ki, Qarabağ tezliklə bərpa olunsun, məskunlaşma başlasın və həyat axara düşsün. Qarabağ bölgəsinin necə füsunkar olduğunu xatırlatmaqla kifayətlənək. Bərpa işləri başa çatar-çatmaz ora böyük insan axını - turist axını olacaq. Elə indi də Qarabağa səfərlər təşkil olunur, lakin bəllidir ki, bunlar dövlət səviyyəsində, konkret dövlət proqramı çərçivəsində reallaşır.

Xarici ölkələrin nümayəndəlikləri, diplomatik korpuslar, Azərbaycanla dost, qardaş ölkələrin mədəniyyət xadimləri, media nümayəndələri hələ ki, işğaldan azad edilmiş ərazilərdə xain düşmənin hansı dağıntılar törətdiyini görürlər. Amma qısa müddət sonra artıq dünyanın hər tərəfindən Qarabağa turist səfərləri başlayacaq. Qarabağ buna hazır olmalıdır.

Müasir turizmdə artıq xeyli dəyişikliklər baş verib. Pandemiya isə turizm sektoruna öz qaydalarını diktə etməyə başlayıb. Bu vəziyyət uzun müddət davam edəcək. Düşünürəm ki, pandemiya bitsə belə səyahətə çıxan insanlar səfər davranışlarına xeyli dəyişiklik edəcək. Çünki heç kim xəstələnmək, virusa yoluxmaq istəməyəcək. Nəyi müşahidə edə bilərik? Turistlər məsələn, gecələmək üçün təklif olunan məkanları incələyəcək. Həm də internet üzərindən. Pandemiya hər bir sahədə onlayn davranışlar yaradıb artıq. Baxacaqlar ki, bu məkanda təmizlik hansı səviyyədədir, sanitar-gigiyenik qaydalara necə əməl edilir, zəruri tibbi xidmət səfər paketinə daxildirmi və sair. Pandemiya dövrü insanların maliyyə imkanlarını azaltdığından bahalı otellərə üstünlük verilməyəcək. Daha çox hostellərə tələbat yaranacaq. Təbiət qoynunda, açıq havada istirahət etmək, hətta gecələmək imkanlarını da nəzərdən keçirəcəklər. Yəni biz çalışmalıyıq ki, turizm sektorunda canlanma əmələ gələn kimi bölgələrimizə turist axınını təmin edək. Bu da turizm şirkətlərinin və əlbəttə ki, Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin üzərinə düşəcək. Nazirlik də, turizm şirkətləri də dünya xalqlarının, əhalinin diqqətini cəlb etmək üçün geniş proqramlar tərtib etməli, ucuz və sərfəli tur-paketlər təqdim etməlidirlər. Bu yolla biz cənnət Qarabağı dünyaya nümayiş etdirə bilərik.     
 
F.İbrahimov Qarabağ bölgəsi ilə yanaşı digər bölgələrin də turizm potensialının geniş olduğunu xatırlatdı: 

- Düzdü, indi hamı Qarabağdan danışır, lakin unutmayaq ki, illərlə bizim digər bölgələrimiz daxili turizmin inkişafına xidmət edib. Xaçmaz, Quba-Qusar bölgəsi, Qəbələ, Qax, Zaqatala, Şəki, necə gözəl diyardır, həm havası, təbiəti, həm tarixilik baxımından, İsmayıllı, İsmayıllının Basqalı, Lahıcı, məsələn, hər il Lahıca 8-10 min turist gəlirdi, cənub zonası – Masallı, Lənkəran, Lerik, Yardımlı, sonra Şamaxı, hamısı səfalı bölgələrimizdən biridir, Gəncənin özü, Göy-gölü, Hacıkəndi ilə, hələ Naxçıvan, onun Duz dağı, Əshabi-Kəhf mağarası.

Yəni Azərbaycan onsuz da başdan-ayağa cənnətdir. Gərək çalışaq ki, cənnət ölkəmiz xarici turizm hesabına həm daha çox tanınsın, həm də turizm gəlirli bir sahəyə çevrilsin. Bölgə xalqı da, vətəndaşlar da turizmdən bəhrələnsin, gəlir əldə edə bilsinlər. Bunun ən asan və uyğun üsulu yerli əhalinin evlərini turistlərə kirayə vermələridir.

Məsələn,  qonşu Gürcüstanda bu sektor illərdir fəaliyyətdədir və kurort zonaların sakinlərinin keçimləri demək olar  turistlərin hesabınadır. Evlərini, mənzillərini uyğun hala gətirir və kirayə verirlər, yaşayışlarını təmin edirlər.

İstər işğaldan azad olunmuş ərazilərdə, istərsə də digər turizm bölgələrində sahibkarlıq subyektləri ilə yanaşı yerli əhalinin də turizmdən gəlir əldə etməsinə imkan yaradılmalıdır. Bununla əhalinin gəlir mənbəyi yaranacaq və maddi baxımdan özlərini təmin edə biləcəklər.