Həqiqətən satınalma prosesində xeyli qüsurlar var


"Problemlərdən biri külli miqdarda vergi borcu olan təşkilatın büdcə təşkilatı tərəfindən qalib elan olunmasıdır"

“Satınalmalarla bağlı qaldırılan bəzi məsələlər hökuməti də qane etmir”. Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı bildirib. Nazir bu sahənin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan S.Şərifov subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. 

Ümumi gəlirlərin 88,8 faizinin Bakı şəhərinin, 11,2 faizinin digər regionların payına düşdüyünü qeyd edən Samir Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib. Avtomobil parkının yenilənməsində hökumətin elektromobillərə və hibrid avtomobillərə üstünlük verdiyi bildirilib və bu istiqamətdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər barədə məlumat verilib. Nazir büdcə vəsaitlərinin idarə olunması ilə bağlı da deputatlara məlumat verib. Qaldırılan bir çox məsələlər üzərində hökumət tərəfindən iş aparıldığını vurğulayan maliyyə naziri bildirib ki, deputatların təmsil etdikləri rayonlarla və seçicilərlə bağlı gündəmə gətirdikləri problemlər əsasən növbəti büdcə planlaşdırılmasında öz həllini tapa biləcək məsələlərdir.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev vurğulayıb ki, ölkəmizdə satınalma prosesində çoxlu problemlər var:

 “Baxmayaraq ki, qanunvericilik bu sahədə sərtləşdirilir. Qeyd edim ki, problemlərdən biri külli miqdarda vergi borcu olan təşkilatın büdcə təşkilatı tərəfindən qalib elan olunmasıdır. Bu onu göstərir ki, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyində bu prosesə göz yumurlar. İkinci məsələ isə şirkətlərin cinayət törətmiş insanların adına açılmasıdır. Büdcə vəsaiti düzgün xərclənməyəndə həmin şəxs tutulsa da, tutulmasa da, nəticədə itirən dövlət büdcəsi olur. Digər məsələ isə kotirovka ilə əlaqəlidir. Şirkətlər birbaşa və ya dolayı yolla kotirovkanı elan edən büdcə təşkilatının rəhbərliyinə bağlıdır. Kotirovka qaydalarının pozulmasında kənar təşkilatlar bura buraxılmır, yəni elan gizli verilir, daxildə yaxın təşkilatlara məlumatlar ötürülür və s. Əsas məsələ isə hüquq-mühafizə orqanlarının bu prosesə laqeydliyidir. Hesab edirəm ki, sadaladığım bu məsələlər ilk növbədə öz həllini tapmalıdır. Qeyd olunanlar düzəldikdən sonra, Samir müəllimin qeyd etdiyi məsələlərə baxmaq olar”.