Çünki artıq Ukraynadan və Rusiyadan bir çox məhsullar idxal olunmur
"Ukraynadakı hadisələr səbəbindən bəzi narahatedici məqamlar var. Bunlar nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlərdir”.
Bunu Milli Məclisin dünən keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, bununla belə, Prezident İlham Əliyevin tapşırığına əsasən, yaranan çağırışlara adekvat, operativ və çevik cavab verilməsi üçün bu istiqamətdə qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür: “Bunun nəticəsi olaraq ölkəmizdə əsas (ərzaq) məhsullar üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılıb və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir”.
Azərbaycanda ötən ilin sonlarından etibarən bir çox sahələrdə müntəzəm olaraq qiymət artımları yaşanır. Belə bir zamanda, Azərbaycanla geniş ticarət əlaqələri olan ölkələr arasında baş verən müharibə xalqın güzəranını daha da ağırlaşdıracaq.
Qiymət artımı hansı məhsullarda müşahidə edilə bilər?
Vəziyyətlə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bahalaşma qaçılmazdır.
“Azərbaycan bir çox məhsulları Rusiya və Ukraynadan alır. Ukraynadan alınmış məhsulları mağazalarda da görə bilərsiniz. Bunlara maye yağlar, ət-kolbasa, toyuq məhsulları, şəkər tozu və s. kimi gündəlik ərzaq məhsulları daxildir. Kifayət qədər əlverişli qiymətlərlə idxal olunurdu. Eyni şəkildə Rusiyadan da taxıl və ərzaq məhsulları ölkəyə gətirilirdi.
Hazırda Ukraynada ixracat təşkil oluna bilmir. Rusiyada isə ödənişlə bağlı qeyri-müəyyənlik mövcuddur. Məhsullar verilsə belə daşıma problemi yaranacaq. Çünki Rusiyada daşıma xərcləri ciddi şəkildə artır. Əlavə olaraq, Moskva bəzi məhsulların ixracına qadağa qoyub. Digər tərəfdən Qərbin sanksiyaları da bu məhsulların bahalaşmasına səbəb olacaq. Bazarlarda qiymətlər onsuz da qalxmışdı, bundan sonra da qalxacaq”.
İqtisadçının sözlərinə görə, hökumətin bahalaşma prosesinin qarşısını almaq üçün görə biləcəyi heç bir tədbir yoxdur.
“Çünki məhsullar bu ölkələrdə istehsal olunur. Qiymətləri isə bazar tənzimləyir.
Dövlət sadəcə büdcəyə əsasən kompensasiyalar verə, sosial ödənişləri, pensiyaları artıra bilər. Dövlət artımlara nəzarət etsə belə, bu da effekt verməyəcək. Biz qiymət artımlarını bazarlarda, mağazalarda hiss edəcəyik”.