Tikinti materiallarının bahalaşması gözlənilən idi
Azərbaycan təcili başqa idxal bazarı axtarmalıdır
Son iki həftə ərzində tikinti materialları bazarında qiymətlərdə dəyişikliklər müşahidə olunur. Hətta şirkətlər belə behləri geri qaytarır. Qiymətlər daha çox ölkəyə Rusiya və Ukraynadan idxal olunmuş bir sıra məhsullarda özünü göstərir. Rusiyanın müharibə səbəbindən bəzi məhsulların ixracına qoyduğu qadağa Azərbaycanda tikinti materialları bazarında qiymətləri bahalaşdırıb.
İqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan müxtəlif materialların idxalından asılı ölkədir:
"Təbii ki, Rusiya-Ukrayna müharibəsi ciddi dağıntılardan əlavə, xarici ticarətdə problem yaradır. Həmçinin həlli lazım olan logistik məsələlər mövcuddur. Müxtəlif qadağalar olur. Bir neçə gün əvvəl Rusiya Federasiyasının Nazirlər Kabineti 200 adda məhsulun ixracını əngəlləyib. Eyni zamanda Qaradəniz hövzəsindən bir çox materiallar Gürcüstan vasitəsilə də gəlirdi.
Orada artıq gediş-gəliş problemi olduğuna görə, logistik şirkətlər həm qiymətləri bahalaşdırırlar, həm də sığorta haqları artır. Bu mənada müharibənin bir an öncə durdurulması vacibdir.
Savaşdan çıxarılan dərs ondan ibarətdir ki, Azərbaycan hökuməti öz sahibkarlarını və daxili bazarı nəzərə alaraq ilk növbədə istehsalı stimullaşdırmalıdır. Hansı məhsulların ölkəyə daxil olmasından asılıyıqsa, bu idxalı əvəzləmək üçün addımlar atılmalıdır.
Həmçinin həm satıcı, həm də alıcı baxımdan alternativ bazarlar tapmaq lazımdır. Yəni biz idxalımızı daha da restrukturizasiya etməliyik. Başqa ölkələrdən almalı, ixracımızı təkcə Rusiya bazarına yönəltməməliyik. Rusiya öz tərəfdaşları ilə həmişə ticarət müharibəsi aparır. Müxtəlif məhdudiyyətlər tətbiq edir.
O cümlədən də Azərbaycan məhsullarına ən böyük qadağalar qoyulan zaman yerli sahibkarlarımız ciddi əziyyət çəkir. Rusiya etibarlı tərəfdaş deyil. Ondan uzaq durmaq lazımdır".