"İki illik ərzaq məhsulu yığın!"


Tacikistan prezidentinin əhaliyə anidən çağırışı özü də qıtlığı formalaşdıra bilər

Tacikistan Prezidenti Emoməli Rəhmon əhalini 2 illik ərzaq ehtiyatı toplamağa və dövlət müstəqilliyinin müdafiəsinə hazır olmağa çağırıb.

“Report” yerli "Asiya Plyus" agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin rəhbəri Ramazan ayının başlaması ilə bağlı xalqa müraciətində bildirib.

“Dünyada siyasi, hərbi, iqtisadi və sosial vəziyyətin son dərəcə gərgin, böhranlı, mürəkkəb və təhlükəli olduğu bir şəraitdə ayrı-ayrı ölkələrin müstəqilliyi və azadlığı, onların dövlətçilik strukturu məsələsi ciddi sual altındadır. Bu da hər birimizi həmrəy olmağa, dövlətin və cəmiyyətin təhlükəsizliyini təmin etməyə səsləyir. Biz həyatımızın əvəzsiz neməti olan dövlət müstəqilliyini və onun əldə etdiyi nailiyyətləri - sülhü, əmin-amanlığı, siyasi sabitliyi, milli birliyi qorumağa hər zaman hazır olmalıyıq”, - o deyib.

Dövlət başçısının sözlərinə görə, hər bir ailə özünü necə təmin edəcəyini düşünməli, mümkün qədər çox ərzaq istehsal etməli və iki il ərzində lazımi ərzaq ehtiyatı yığmalıdır.
Bəs, Azərbaycanda vəziyyət nə yerdədir? 

Bu barədə “Şərq”ə danışan iqtisadçı Ruslan Atakişiyevin sözlərinə görə, dünyada baş verən proseslərlə bağlı olaraq əsas məhsullarda, qida məhsullarında beynəlxalq səviyyədə qıtlıq gözlənilir:

“Tacikistan Prezidenti əhalini 2 il ərzində həmişə ehtiyatlı olmağa dəvət edir. Anidən belə bir çağırışın özü də qıtlığı formalaşdıra bilər. Çünki insanlar birdən-birdə məhsulları alıb yığacaq. Bu zaman ilk gedənlər alacaq, ancaq sonrakılar çatışmazlıqla üzləşə bilər”. 

İqtisadçı qeyd edib ki, bazarlarda məhsul həmişə olacaq:

“Ancaq bu məhsulu hər kəs ala biləcəkmi" sualı yaranır. Yəni hər kəsin buna maddi imkanı çatacaqmı? 

Buna görə də sosial təbəqənin mühafizəsi ilə bağlı hansı ölkələr daha hazırlıqlıdırsa, orada insanlar məhsulları daha rahat əldə edə biləcəklər.

Azərbaycanda da ola bilsin ki, həmin sosial təbəqəyə əlavə maddi dəstək verilsin. Ancaq indiki vəziyyətdə təşvişə düşüb hamı məhsul almağa başlasa, bu özü qıtlıq yaranmasına gətirib çıxaracaq. Eyni zamanda, onun saxlanma şəraiti məsələsi də var. 

Əhalinin hazırkı dövrdə ərzaqla bağlı münasibəti dəyişib. Yəni əvvəllər insanlar məhsulları bir neçə aylıq alırdı. Lakin indi piştaxtalar həmişə doludur deyə, arxayınlıq yaranıb. Ancaq indiki dövrdə qıtlıq yaransa da, piştaxtalar həmişə dolu olacaq. Amma bəzi insanların onu almağa imkanı çatmaya bilər”.