Tacikistan Prezidenti Emoməli Rəhmon əhalini 2 illik ərzaq ehtiyatı toplamağa və dövlət müstəqilliyinin müdafiəsinə hazır olmağa çağırıb. Mərkəzi Asiya ölkəsinin rəhbəri Ramazan ayının başlaması ilə bağlı xalqa müraciətində bildirib.“Dünyada siyasi, hərbi, iqtisadi və sosial vəziyyətin son dərəcə gərgin, böhranlı, mürəkkəb və təhlükəli olduğu bir şəraitdə ayrı-ayrı ölkələrin müstəqilliyi və azadlığı, onların dövlətçilik strukturu məsələsi ciddi sual altındadır. Bu da hər birimizi həmrəy olmağa, dövlətin və cəmiyyətin təhlükəsizliyini təmin etməyə səsləyir. Biz həyatımızın əvəzsiz neməti olan dövlət müstəqilliyini və onun əldə etdiyi nailiyyətləri - sülhü, əmin-amanlığı, siyasi sabitliyi, milli birliyi qorumağa hər zaman hazır olmalıyıq”, - o deyib.
Dövlət başçısının sözlərinə görə, hər bir ailə özünü necə təmin edəcəyini düşünməli, mümkün qədər çox ərzaq istehsal etməli və iki il ərzində lazımi ərzaq ehtiyatı yığmalıdır.
Bəs, Azərbaycanda ərzaq məhsulları ilə bağlı vəziyyət necədir?
"Sherg.az"ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycandakı vəziyyət Tacikistanla müqayisədə nisbətən daha yaxşıdır:
"Azərbaycanın strateji valyuta ehtiyatları digər MDB ölkələrinə münasibətdə çoxdur. Ərzaq qıtlığı kimi risklər yarandığı təqdirdə valyuta ehtiyatlarımız təxminən 35-40 aylıq qida məhsulları idxal etmək imkanındadır. Qiymət bahalaşması, inflyasiya riskləri ilə üz - üzəyik. Ötən ilin sonundan etibarən rəsmi şəkildə etiraf olunmağa başlamışdı. Hətta Mərkəzi Bank 2022-ci ilin yanvar ayında inflyasiya hədəfini dəyişdi, 7-8 faizə çatdırdı. Çünki pandemiya istehsal prosesində fasilələrin yaradır. Bu isə qiymətləri bahalaşdırır".
İqtisadçı mövcud duruma Rusiyanın Ukraynanı işğalı cəhdi də təsir göstərdiyini bildirir:
"Hadisə dünyaya yenidən dizayn verdi. Həm Ukrayna, həm Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır. 2 milyard dollar Rusiyadan, 480 milyon dollarlıq isə Ukraynadan məhsul istehsal olunur. 2021-ci ildə ölkəyə 221 milyon dollarlıq bitki yağı idxal olunmuşdu, 47-48 faizi Rusiyanın payına düşür. Dərman təchizatında, elektrik avadanlıqlarında Rusiyanın payı çoxdur. Sanksiyalar bazarda vəziyyətin dəyişməsinə, Rusiya hökumətinin daxili bazarını qoruması istiqamətində qərarlar alınmasına, Azərbaycana ixrac edilən məhsulların məhdudlaşmasına səbəb oldu. Ukraynada isə iqtisadi münasibətlər dağıldı. Azərbaycana hər 100 kiloqram toyuq ətinin 71 kiloqramı Ukraynadan gətirilirdi. Kərə yağının 21 kiloqramı da ordan gəlirdi. Ukraynadan idxal olunan kərə yağı ölkə səviyyəsində istehsal edilən kərə yağının 8 faizinə bərabər idi".
R.Həsənov sonda hökumətin ərzaq təminatı sahəsində də fəaliyyət göstərən şirkətlərin faizsiz vəsaitlərlə təmin edilməsi yolu ilə ehtiyatlarını artırması gərəkdiyini söyləyib. Çünki sahibkar o qədər vəsaiti anbarlarda saxlaya bilməz:
"Hökumət ehtiyatları artırmaq məqsədilə sahibkarlara faizsiz pullar verməlidir. Sahibkarlar da məshulları gətirib anbarlarda saxlamalıdır.
Son vaxtlar bizim kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında problem yaranıb. Rubl dəyərsizləşib, satmaz sərf etmir. Hökumət mexanizmlərindən yararlamalıdır. Həm bazarda fermerləri qorumaq, həm də ehtiyatları artırmaq üçün real alışa keçməlidir. Yerli məhsullar və yığılma ehtiyatları yaratmağa başlamalıdır.
Antiinflyasiyasiya tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarına əsasən hazırlanan tədbirlər paketi, iqtisadiyyatın liberallaşması, xarici investisiyanın, həmçinin Qarabağın daha tez iqtisadiyyata cəlb edilməsi kimi məsələlər həllini tapmalıdır".