Bəxtini bir də sınayanlar ailədə böyük münaqişə ocaqları yaradırlar
Son qəpiyini lotoreyaya verənlərin sıraları genişlənib, növbədə qadınlar, uşaqlar da var
Psixoloq: "Bəşəriyyət tarixində hələ elə zəngin insan olmayıb ki, gəlirini artırmaq məqsədilə lotoreya və ya başqa bir mərc oyunu oynasın"
Millət yeni "qazanc" mənbəyi tapıb. Lotereyaya maraq gündən-günə artır. Metroların çıxışlarında uduşlu oyun üçün qələbəlik yaranır. İnsanlar xüsusilə də köşklərin qarşısında biletlərdən "üzlərinə gün doğacağı" ümidilə növbə gözləyirlər. İstər şəhərdə, istərsə də rayonlarda uşaqdan böyüyə lotoreyaya həvəs göstərirlər. Hətta oyunun aludəçisinə çevriliblər, desək, daha doğru olar. Elə ailələr var ki, evindəki son qəpiyini də uduşlu bilet almağa sərf edir. Şans üzünə gülsə, o son qəpiyinə qarşılıq ailəsinə qazanc aparacaq. Əks halda isə bəxtəbəxt oyun olduğunu nəzərə alsaq, əlində olanı da itirəcək. Təbii ki, belə olduğu halda ailədə də narazılıqlar baş qaldırır. Qadın kişinin evə pul gətirmək əvəzinə olanı da aparıb uduzmasına etirazlar edir. Belə olduğu halda münaqişələr ortaya çıxır. Doğrudur, lotoreyadan uduşlar əldə edənlər də az deyil. Bu oyunları qumar növü hesab edərək əleyhinə olanlar, ləğvini istəyənlər də var. Dövlətin büdcəsinə gəlir gətirir, deyərək davam etməsini məqbul sayanlar da mövcuddur. Bununla bağlı "Azərlotoreya"dan verilən məlumata görə, lotoreya oyunlarının təşkili və keçirilməsi “Lotoreyalar haqqında” Qanuna uyğun olaraq aparılır.
İqtisadçı Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, insanlar gəlirsizlikdən əziyyət çəkirlər:
"Lotoreyadan nəsə əldə etmək olar deyə onlarda bir inam yaranır. Ona görə də 1-2 manatlıq "Poz, qazan"lara yönəlirlər. Biletlərlə keçirilən bu uduşlu oyunların iqtisadiyyata böyük təsiri yoxdur. Çünki məsələn, 40 milyonluq "Poz, qazan" lotoreyası buraxılıb. İqtisadi aspektdən yanaşdıqda əslində kiçik rəqəmdir. Amma əhali qazanaraq həyatlarını dəyişə biləcəkləri xəyalı ilə oyunlara qoşulurlar".
Psixoloq Elmir Əkbər isə diqqətə çatdırıb ki, mərc oyunlarının hər birinin kökü psixofiziologiyaya söykənir:
“Təbii ki, istər lotoreya, istərsə də idman mərc oyunları qumarın bir növüdür. Yəni insan heç bir fiziki və ya əqli səy göstərmədən pul qazanmağa can atır. Bu istəyin arxasında da müəyyən psixoloji problemlər dayanır. Mərc, qumar oyunları, narkotik, toksikomaniya, spirtli içkiyə meyil etmək addiksiya adlanır. Ümumiyyətlə, bu oyunların satışı ilə məşğul olan şəxslər ilk dövrlərdə onu geniş yayılan etmək üçün 3-5 manat pulu kimlərəsə qazandırırlar. Amma insanların sadəlövhcəsinə lotoreyadan uduş əldə edəcəklərini düşünməsi çox gülünc və absurddur. Biletlərlə keçirilən oyunların əsas mahiyyəti onu düzüb-qoşan, təşkil edən insanların qazanmasıdır. Alanların yox”.
Psixoloq qeyd edib ki, bəşəriyyət tarixində hələ elə zəngin insan olmayıb ki, gəlirini artırmaq məqsədilə lotoreya və ya başqa bir mərc oyunu oynasın:
“Həmişə kasıb insanlar bu yollara can atıb, varlı olacaqlarına inanırlar. Nəticədə də əllərindəki son qəpiklərini itirib, müflisləşirlər. Ən məşhur kazinolardan biri Monakoda yerləşir. Oraya ailəvi səyahətimizdə çox maraqlı bir məsələ barəsində məlumatlandım. Həmin kazinoya insanlar dünyanın hər yerindən oynamaq üçün gəlirlər. Təkcə yerli Monako əhalisindən başqa. Çünki onlara icazə yoxdur. Nəzərə alsaq ki, orada yaşayan əhali varlı təbəqədir, aydın olur ki, pulla oynanılan həmin oyunların məğzi nədən ibarətdir. Belə şəxslərin sadəcə çox ciddi psixoterapevtik müdaxiləyə ehtiyacı var. Biri var, insan məsələn, illərini şahmata həsr edir, təhsil alır, məşqlər edir, sonra da böyük bir beynəlxalq yarışa qatılır. Öz beyninin məhsulu, illərlə çəkdiyi əziyyətin bəhrəsini görür. Biri də var ki, lotoreya oyunu vasitəsilə ancaq əziyyətsiz pul qazanmağı arzu edirlər”.
E.Əkbər bunu da əlavə edib ki, pandemiya səbəbindən karantin dövrü bütün dünyanı çalxalayıb:
“Qabdakı suyu qarışdıranda dibindəki çöküntü üzə çıxan kimi problemlər də qabarıb. Lotoreya oyunları 90-cı illərdə də belə aktual idi. O dövrdə də savaşdan çıxmış ölkə, stress azmış kimi digər tərəfdən də işbazlar əhalinin kasıb təbəqəsinin əlində olan pulunu bu üsulla onlardan alıb. İndi də diqqət etdikdə görürük ki, karantin, əhalinin psixoloji çöküşü, daha sonra müharibə, onun itkiləri həmin dövrü xatırladır. Doğrudur, qalib ölkə olsaq da, hər halda döyüşün gərginliyi qələbə çalanlar üçün də var. Yenə biletli uduş oyunları belə aktullaşıb. Ümumiyyətlə, dahi insanlar da, məsələn, Lev Tolstoy, F.M.Dostoyevski mərc oyunlarının insan üçün zərərli olduğunu yazıblar. Ona meyil etmək primitiv düşüncənin məhsuludur”.