Rusiya-Ukrayna savaşı dünyada qiymət artımı yaradıb


Xalid Kərimli: "Qiymətlərin yüksəlməsi Azərbaycana da gələcək"

"Avropa İttifaqı Rusiyaya güzəştə getməsə, rublla qaz almasa, qiymətlər daha da artacaq". Bu barədə İranın "Farda" nəşri yazıb. Nəşrin yazdığı məlumatda bildirilib ki, Polşanın keçmiş baş naziri Donald Tuskun öz ölkəsində çörəyin qiymətinin yaxın gələcəkdə dörd dəfə arta biləcəyi proqnozuna istinad edilir: "Buna səbəb Ukraynada əkin kampaniyasının pozulmasıdır. Digər təhlükəli tendensiya isə yanacaq qiymətinin artması ilə əlaqədardır. Avropa İttifaqı Rusiyaya güzəştə getməsə, rublla qaz almasa, qiymətlər daha da artacaq. Bu, enerji və avtomobil yanacağının qiymətinə də təsir edəcək. Nəticədə isə bir çox digər məhsullar, o cümlədən ərzaqlar bahalaşa bilər".

İqtisadçı Xalid Kərimli "Şərq"ə açıqlamasında bildirib ki, enerji, neft qiymətləri piklərdən 100-110 dollar intervalına düşüb: 

"Qiymət artımı müharibəyə qədər də olub. Müharibə və onun fonunda tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatının bu il 7-11 faiz geriləməsi ilə nəticələnəcək. Amma cəza tədbirləri ilə iqtisadi inkişafın dayanması prosesinin 7-11 faiz olacağı ehtimalı var. Bundan başqa təbii ki, Avropa iqtisadiyyatının genişlənməsi də ləngiyəcək. Enerji qiymətlərinin bahalaşması Azərbaycan üçün xeyirdir. Amma dünya üçün fəsadlarından biri enerji qiymətlərinin yüksək olmasıdır. 

Bu, inflyasiyanı, daşıma xərclərini artırır. Rusiya da, Ukrayna da ərzaq xammalı ölkəsidir. Savaşın bu ölkələrin iştirakı ilə getməsi məhsulların da qiymətini bahalaşdırır. Rusiyaya tətbiq edilən cəza tədbirləri ərzaq, taxıl məhsullarını bahalaşdıran amildir. Ukraynanın əkin kampaniyasından  kənarda qalması ehtimalı taxıl qiymətlərini də qaldıra bilər. Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dəyərləndirib ki, böhran, müharibə dünya ərzaq qiymətlərini indiki səviyyədən 8-22 faiz çox artıracaq".

İqtisadçı qeyd edib ki, qiymətlərin yüksəlməsi Azərbaycana da gələcək:

"Artım ehtimalı böyükdür. Yükdaşımaların marşrutlarının dəyişməsi, Qaradəniz üzərindən ticarətin dayanması bütün dünyada daşıma xərclərinin bahalaşmasına gətirib çıxaran məsələlərdir".