24 fevralda başlayan Ukrayna -Rusiya müharibəsi iqtisadi vəziyyətin dəyişməsinə səbəb oldu. Son günlər ətin qiymətinin bahalaşacağına dair iddialar da dolaşır. Azərbaycana idxal olunan dondurulmuş mal əti əsasən Ukraynanın payına düşür. Quş əti də ən çox bu ölkədən idxal edilir.
Qeyd edək ki, qlobal miqyasda ərzaq bir il əvvəlkindən iyirmi faiz daha bahadır, bu ilin yanvarından isə dünyada qiymətlər dörd faiz artıb.
Azərbaycanda da ət bahalaşması müşahidə edilə bilərmi?
"Sherg.az"ın sualını cavablandıran iqtisadçı-alim Nazim Bəydəmirlinin sözlərimə görə, istənilən halda qiymət artımı gözləniləndir:
"Qiymət artımını şərtləndirən xarici və daxili faktorlar mövcuddur. Bunlar istehlakçıları əndişəyə salır. Bazar instrumentləri işləmir. Monopoliya bazarda optimal qiymət müəyyənləşdirməyə imkan vermir. Torpaq sahələri, örüşlər, biçənəklər dövriyyədən çıxarıldı. Azərbaycanda taxılın əkilməsinə təşəbbüs göstərilmir. Ətə ehtiyac yüksək faizlə qarşılanmır. Müxtəlif rəqəmlər deyilir. Ancaq gömrük orqanlarının statistikasına baxanda görürük ki, diri heyvanlar idxal olunur. Nə qədər yüksələcəyini isə bazar göstərəcək. Ət istehsalı üçün lazım olan yem məhsulları Rusiya və Ukraynadan gətirilir. Ətin bahalaşması da qaçılmazdır".