Ona görə kartların istifadəsində problemlər yaşanır
Son vaxtlar ölkəmizdə bank kartlarından istifadə ilə bağlı problemlər müşahidə edilir. Kartlardan, bankomatlardan pul çıxarmaq, POS-terminallarla ödəniş etmək bəzi hallarda mümkün olmur. Vətəndaşlar da mövcud durumdan narazılıqlarını dilə gətirirlər.
"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev isə düşünür ki, Azərbaycanın kart infrastrukturunda elə bir ciddi problem yoxdur: "Eyni problemlə istənilən ölkədə qarşılaşmaq olar. Hər hansı kartda texniki nasazlıq bütövlükdə sistemin pis işləməsi anlamına gəlmir. Təbii ki, müştəri öz bankı ilə əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilər. Bəzən 10 milyon kartın bir, yaxud beşində problem olur. Bu, milyonda bir faizdir. Yəni bunu sistemin işləməməsi kimi göstərmək düzgün olmaz və problemin aradan qaldırılması üçün anında tədbir görülür".
Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, Z.Nuriyevin dediyi kimi, dünyanın hər yerində kartlarla bağlı problem yaranır:
"Əgər bu hallar mütəmadi baş verirsə və bank müştərilərinin xeylisi bundan şikayət edirsə, bu artıq bank sisteminin problemi deməkdir. Bəzən vaxtaşırı kiminsə kartında texniki nasazlıq olur. Məsələnin kökündə banklarımızın əksəriyyətinin informasiya texnologiyalarının təhlükəsizliyinə son illərdə az vəsait ayırması dayanır. Bu da məhz bank sisteminin problem yaşamasına gətirib çıxarır. Çünki kartdan istifadənin mümkünsüzlüyü məhz bankın İT sistemində problem olmasından xəbər verir. Bu sistemləri də banklar daim təkmilləşdirməlidir".