“Meyvə-tərəvəzin qiyməti “əl yandırır”! –“Sahibkar üçün çoxlu baryer var”



“Sahibkar məhsulu pərakəndə satış məntəqələrinə çatdıra bilmir”

“Birinci maneə kimi sahibkar şəhərdən kənarda olan topdansatış məntəqələrinə daxil olur, sonra digərlərinə təhvil verilir, daha sonra digərlərinə...və.s .”

“Əgər istehsalçı birbaşa ticarət dövriyyələrinə çatdıra bilsə, əlbəttə ki, qiymətdə kifayət qədər ucuzlaşma olar”



Son zamanlar bahalaşan qiymətlər sırasına meyvə-tərəvəzin qiymətləri də daxil olub. Qiymətlərin bahalığı əhalinin narazılığına gətirib çıxarıb. Etirazları artıran digər bir səbəb isə mövsümi meyvə-tərəvəzlərin qiymətlərinin də fantastik baha olmasıdır. Bahalaşan qiymətlərin ucuzlaşacağı məsələsi isə sual altındadır.

Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı- ekspert Fuad İbrahimov bildirib ki, bu gün məhsulların paytaxta çatdırılması böyük problemə  çevrilib:

“Təklif artdıqca, bolluq yarandıqca, məhsullar bazara rahat daxil olduqca, əlbəttə ki, qiymətlərdə ucuzlaşma olacaq. Bu gün əsas problem Bakı şəhəri halqasına məhsulların çətinliklə daxil olmasıdır. Sahibkar öz məhsulunu rahatlıqla pərakəndə satış məntəqələrinə çatdıra bilmir. Birinci maneə kimi sahibkar şəhərdən kənarda olan topdansatış məntəqələrinə daxil olur, sonra digərlərinə təhvil verilir, daha sonra digərlərinə...və.s . Ortada çoxlu baryerlər əmələ gəlir.

Biz küçə ticarətini ləğv etdik ki, vergidən yayınma prosesindən kənarlaşma olmasın, gigeynik və qida təhlükəsizliyi qaydalarına riayət olunsun. Amma nəticə etibarı ilə yaranan qüvvələr üzərinə vəsait qoyub pul qazanırlar. Beləliklə, biz istehlakçıların xərcləri artır, mallar bahalaşır. Əgər istehsalçı birbaşa ticarət dövriyyələrinə çatdıra bilsə, əlbəttə ki, qiymətdə kifayət qədər ucuzlaşma olar”.

İqtisadçı bildirib ki, baha qiymətlərə rast gəlmək də vətəndaşın tənbəlliyinin də payı var:

“Bu gün Bakı şəhərinin əsas marketlərində qiymət çox bahadır. Amma biraz tənbəlliyi kənara qoyub hərəkət etsək, müəyyən bazarlara üz tutsaq, ucuz mallara rast gələ bilərik. Sadəcə vətəndaşlarımızda da biraz tənbəllik əmələ gəlib. Dədə-baba qaydası ilə bazara getsək, ucuz məhsul əldə etmək olar. Amma vətəndaş rahatlığı üçün binanın altındakı marketdən, yaxud yaxındakı ticarət mərkəzindən baha alır”.