Natiq Cəfərli: "Geosiyasi durum fonunda Azərbaycanın məhz Belarusu seçməsi düzgün qərardır"
Belarus Azərbaycanla iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir və bu istiqamətdə artıq bir sıra addımlar atılıb. Azərbaycan və Belarus şirkətləri arasında 55 milyon dollar həcmində müqavilələr bağlanıb.
Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovun sözlərinə görə, müqavilələrin əksər hissəsi ağac emalı sahəsini əhatə edir.
İmzalanmış müqavilələr həmçinin qida məhsullarının tədarükünü nəzərdə tutur:
Xatırladaq ki, dünən Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu bildirilib, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Görüşdə həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Müqavilənin Azərbaycan üçün əhəmiyyətini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında deyib ki, emal olunmuş taxta məhsulları ilə bağlı Azərbaycanın əsas ticarət tərəfdaşı Rusiya idi. Bu gün isə mövcud geosiyasi durum fonunda Azərbaycanla Rusiya arasında pul köçürmələrində və lojistik məsələlərdə ciddi problemlər var: “Alternativ mənbə olaraq məhz Belarusun seçilməsini düzgün hesab edirəm. Daha doğrusu, başqa bir alternativimiz də yoxdur. Bölgəmizdə ağac məhsulları ilə bağlı təchizatçı ölkələrdən biri də Finlandiyadır. Orada isə qiymətlər çox bahadır. Finlandiya öz iqtisadiyyatını daha çox Avropa Birliyi bazarına uyğunlaşdırdığı üçün qiymətlər Azərbaycanda olan cari qiymətlərdən də yüksəkdir. Hesab edirəm ki, Belarusun Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməsində əsas məqsəd sözügedən məhsullarla bağlı yarana biləcək qıtlığın aradan qaldırılması və qiymət artımının qarşısının alınmasıdır. İstənilən halda Belarusdan gələn məhsullar daha ucuz olacaq”.
Belarusiyadan alınan malların keyfiyyətinə gəldikdə isə N.Cəfərli arada elə bir ciddi fərq olmadığını deyib:
“Əksinə bir çox mütəxəssislərin iddiasına görə, keyfiyətinə görə Belarusiya məhsulları Rusiya məhsullarından heç də geri qalmır. Hətta bəzi üstünlükləri belə var. Əvvəllər də Azərbaycana Belarusiyadan taxta qapı-pəncərələr gəldiyini nəzərə alsaq Belarusiya məhsulları bizə tanışdır. Bu mənada keyfiyyətlə bağlı hər hansı bir problem yaşayacağımızı zənn etmirəm”.