Dünya taxıl ehtiyatı yığır, çünki risklər böyükdür
"Bu qeyri-müəyyənlik fonunda idxaldan asılı olan Azərbaycan nə edir və ya nə etməlidir sualı hər kəs üçün aktualdır"
"Sağlam Cəmiyyət" Hərəkatının rəhbəri Elçin Bayramlı taxıl böhranı ilə bağlı həyəcan siqnalı çalıb. Dünyada ərzaq, xüsusən taxıl qıtlığının güclənməsindən yazan ekspert artıq bir çox dövlətlərin xeyli taxıl depoladığını da qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın (ən azı 800 min ton) taxıl ehtiyatı olmalıdır:
“Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur. Taxıl Fondu ehtiyatın həcmi ilə bağlı konkret açıqlama verməlidir. Yerli istehsal ideal halda belə tələbatın yarısını ödəyə bilmir. Üstəlik Taxıl Fondu yerli buğdanın keyfiyyətsiz olduğunu deyib götürmürdü. İndi necə edəcək, bu "keyfiyyətsiz" buğdanı götürəcək, yoxsa başqa planetdən taxıl idxal edəcəyik? İndi idxalçı monopoliyası ölkəni xilas edə biləcəkmi, hansısa ölkədən taxıl ala biləcəkmi? Bu artıq demək olar ki mümkün deyil. Qlobal taxıl istehsalı azalır, gözlənilən quraqlıq və su böhranı vəziyyəti daha da pisləşdirəcək. İri ixracatçılar artıq ixracı dayandırıblar. Yerli istehsalı qoyub idxalçıların ümidinə qalanda belə olacaqdı”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da “Şərq”ə açıqlamasında dünyada taxıl qıtlığı yaşanacağı ilə bağlı verilən proqnozları doğrulayıb:
“Rusiya - Ukrayna müharibəsindən əvvəl taxıl bazarının əsas satıcılarından olan Rusiya və Ukrayna aparıcı mövqelərə sahib idilər. Ukrayna dünya taxıl ixracının yüksək payına malik olduğundan ölkədə baş verənlər bazara təsir etməli idi. Ən azından ona görə ki, Ukrayna isə Qara dənizdə ticarətini Xerson, Odessa limanları üzərindən aparırdı.
Bu gün üçün də Ukraynanın Qara dənizə çıxışı məhdudlaşdırılıb. Ukraynadan 20 milyon tona yaxın buğda digər ölkələrə ixrac edilməli idi. Müharibə səbəbindən lojistik problem yaşayan Ukrayna bu ixracı edə bilmir.
Əsas üstünlük Rusiyanın əlinə keçib və Rusiya da taxıl ixracını əvvəlki səviyyədə etmir. Əvvəlki illərdə Rusiyadan buğda idxal edib özünə ehtiyat depolayan Gürcüstan yavaş-yavaş bu buğdadan istifadə edirdi. Amma indi belə bir imkanı yoxdu. Rusiya Gürcüstana yalnız un ixrac edərək həm əlavə qazanc əldə edir, həm də ölkələri bu yolla özündən asılı vəziyyətə salır. Azərbaycanla bağlı da belə bir problemin yaranması istisna deyil. Bu barədə rəsmi açıqlama verilməsə də, mövcud proseslər buna doğru gedir. Sual oluna bilər ki, unla buğdanın nə fərqi? Əsas odur ki, Rusiya ixracı dayandırmasın. Amma bu qədər bəsit deyil. Buğdanı alıb uzun müddət saxlamaq mümkündür. Unu saxlamaq isə mümkün deyil. Mütəmadi olaraq Rusiyadan unu idxal etmək lazımdır. İxrac razılaşması ilə bağlı hər hansı bir problem yaranarsa da, bu ölkədə çörək qıtlığının yaranmasına səbəb olar”.
V.Məhərrəmovun sözlərinə görə, Qazaxıstan və Hindistan kimi ölkələr fürsətdən istifadə edib öz gəlirlərini artırmaq istədi, amma proseslər istədikləri kimi getməyəndə belə bir qərar verməyə məcbur qaldılar:
“Hindistan 2 milyon 100 ton buğda ixrac edirdi. Bu isə dünya bazarına çıxarılan taxılın bir faizindən bir az çox edir. Bazara 191 milyon ton buğda çıxarılır və onun 1 milyon 500 min tonunu Azərbaycan idxal edir. Hindistan istədi ki, bu il 10 milyon ton buğdanı dünya bazarına çıxartsınlar və Ukraynada müharibə səngiyib ixrac davam edəndə ucuz qiymətə buğda alıb öz təminatlarını ödəsinlər. Amma sonradan gördülər ki, bu, son nəticədə onların ziyanına olacaq. Qazaxıstan isə Rusiya taxılına ümid edib eyni manevri işlətdi. Rusiya taxıl ixracına kvota müəyyən etdikdə isə məlum bəyanatı yaydılar”.
Ekspertin fikrincə, bu gün üçün dünyanın taxıl ehtiyatı yüksək olsa da, növbəti illər üçün ciddi risklər var. Ukrayna buğdası əlçatan deyil, Rusiya isə süni problemlər yaradır. Əsas təhlükə isə odur ki, pandemiya dövründə əksər ölkələr özlərinin taxıl fondunu artırmaq haqqında qərar qəbul etdilər: “Yəni taxıl idxal edən ölkələr idxal faizini artırdı. Buğda istehsal edən ölkələr isə ixrac faizini azaldaraq özləri üçün ehtiyat buğda depolamağa başladılar. Həm də ehtiyac yaranacağı halda daha baha qiymətə bazara çıxartmaq üçün. Deməli, dünyanın taxıl bazarında qeyri-sabitlik var. Bu qeyri-müəyyənlik fonunda idxaldan asılı (75 faiz) olan Azərbaycan nə edir və ya nə etməlidir sualı hər kəs üçün aktualdır. Təəssüflər olsun ki, Azərbaycan gözlənilən taxıl böhranına qarşı heç nə eləmir. Və nə edəcəyini də bilmir. Deyirlər ki, İsrail Azərbaycana taxıl yetişdirmək üçün texnologiya verəcək. Görün, nə günə qalmışıq ki, adi buğdanı istehsal edib, 10 milyonluq əhalinin tələbatını ödəyə bilmirik!? Bütün günü kənd təsərrüfatının inkişafından, şişirdilmiş statistikadan danışır, bizə həyata keçirilən islahatların ciddi nəticə verəcəyi ilə bağlı vədlər verirlər. İsrailli fermerlər gəlib Azərbaycanda torpaq sahəsi götürüb buğda yetişdirəcək!?
Bu ölkədə buğda əkə biləcək fermer, mütəxəssis yoxdur ki? Var, sadəcə torpaq sahələrinin çoxu məmurların xüsusi mülkiyyəti hesab olunduğundan onlara imkan verən yoxdur”.