İddia:“Süni inflyasiyaya məmur sahibkarlığı səbəb olur”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən  keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov süni inflyasiyadan danışıb. O, bildirib ki, Azərbaycanda süni inflyasiyanın qarşısı alınmalıdır. Deputat əlavə edib ki, inflyasiya xarici səbəblərlə yanaşı, daxildən olan problemlərdən də qaynaqlanır:
“Xaricdən kifayət qədər məhsul ixrac etdiyimiz üçün o məhsulların qiymətinə baxmalıyıq. İnflyasiya kifayət qədər yüksəkdir. Amma Azərbaycanda süni inflyasiya da yüksəkdir. 

Bunun qarşısı alınmalıdır. Düzdür, bununla bağlı tədbirlər görülməsi nəzərdə tutulurdu. Amma düşünürəm ki, bu, kifayət etmir”.

Deputatın açıqlamasını “Sherg.az”a şərh edən iqtisadçı - alim Nazim Bəydəmirli bildirib ki, əslində bazar iqtisadiyyatında nə süni qiymət artımı var, nə də süni inflyasiya:

“ Təbii ki, liberal bazarda sahibkarların, biznesin, şirkətlərin  verdiyi xidmət və ya satdığı məhsulun bazarda neçəyə, necə satılması öz qərarı olmalıdır. Sadəcə daha çox qazanan, daha çox vergi ödəməlidir. Nəticə ondan ibarət olur ki, bazarın rəqabət mühiti qiymətləri tənzimləyir. 
Ona görə, bazar iqtisadiyyatında heç vaxt süni qiymət artımı haqqında danışmırlar. Ancaq Azərbaycan höküməti bu ifadəni işlətməyi sevir. Yüksək səviyyədə inflyasiyaya, qiymətərin bahalaşmasına və digər məsələlərə bəhanə gətirmək üçün  bu fikri, termini ortaya atıblar ki,  hökümətin bacarıqsızlığına, məmur sahibkarlığına və monopoliyaya dırnaq arası haqq qazandırsın. Guya, qiyməti artıranlar müxtəlif işbazlardır. Belə bir fikir formalaşdırırlar. Fikrimcə, bu yanlışdır”. 

İqtisadçının sözlərinə görə, Azərbaycanda bazar iqtisadiyyatı mövcud deyil:

“Ancaq süni qiymət artımı bazar iqtisadiyyatında olmasa da, Azərbaycanda var. Çünki ölkəmizdə bazar iqtisadiyyatı yoxdur. Azərbaycanda hökümət müxtəlif tarifləri artırmaqla qiymətə təsir göstərir. 
Eyni zamanda, Dövlət Gömrük Komitəsi idxal olunan məhsullara özündən fikirləşdiyi, heç kəsə bəlli olmayan kateqoriyalarla bəyannnamə qiymətini  artırır. Bununla da süni qiymət artımı yaranır. 
Azərbaycanda mövcud olan süni qiymət artımı və ya süni inflyasiya hökümətin apardığı iqtisadi siyasətin və məmur sahibkarlığı, monopoliyanın nəticəsində ortalığa çıxır”.

N.Bəydəmirli süni iflyasiyanın qarşısını alacaq yolları sadalayıb:

“Onu əngəlləməyin yeganə yolu rəqabət mühitini təmin etməkdir, qanunun doğru-dürüst tətbiq olunmasıdır, məmur sahibkarlığını ləğvidir. Bu yol sahibkarlıq subyektlərinə hüquq və vəzifə bərabərliyini  təmin etməkdən keçir. Bir sözlə, qanuna riayət və məmurların öz vəzifələrinə düzgün yanaşması problemin həllidir”.