Yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır
Azərbaycanda fiziki şəxslərin müxtəlif binalardan əldə etdikləri daşınmaz əmlaklara görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizi geri qaytarılacaq.
Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən, geri ödəniş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə həyata keçirilir. ƏDV alıcının bank hesabına köçürülür. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlakın tam dəyəri ödənildikdən sonra qaytarılır.
Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
Daşınmaz əmlaka görə ödənilən ƏDV qaydasını "Şərq"ə şərh edən iqtisadçı-ekspert Anar Bayramovun sözlərinə görə, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır:
" Hər hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda şamil olunmur. Mənzili satan şəxs mütləq bina tikintisi ilə məşğul olmalı və ƏDV ödəyicisi olmalıdır. Bu ya MTK, ya da hər hansı digər koorporativ ola bilər. Yeni qaydalarla bağlı sual doğuran məsələlərdən biri də bu qaydaların ipoteka ilə satılan mənzillərə aid olub-olmaması barədədir. Yeni tikili binalardan ipoteka yolu ilə mənzil alan zaman ödənişi mənzil sahibinə bank edir və alıcı da borcunu banka ödəyir. Düşünürəm ki, bu qaydalar ipoteka ilə satılan mənzillərə şamil olunmayacaq. Çünki burda bəzi nüanslar uyğunsuzluq təşkil edir”.
Ekspert qeyd edib ki, 2021-ci ilə qədər ölkədə qüvvədə olan qanunvericiliyə əsasən bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri idi: "Onların vergitutma mexanizmi başqa cür tənzimlənirdi. Yəni mənzilin kvadratı sabit məbləğə, zona əmsalına vurularaq ödəniləcək vergi hesablanırdı. 2021-ci ildən bu şəxslər də ƏDV ödəyicisi olub. Ola bilər ki, bina tikintisi ilə məşğul olan şirkət bu gün ƏDV ödəyicisidir, amma məsələn, 2019-cu ildə bina tikib, həmin binadan bir neçə satılmayan mənzil qalıb və bu gün şirkət həmin mənzili satır. Bu zaman həmin mənzillərə görə ödənilən ƏDV-nin 30 faizi geri qaytarılmayacaq. Çünki həmin bina şirkətin sadələşmiş vergi ödəyicisi olduğu dövrdə tikilib. Lakin bina tikintisi ilə məşğul olanların ƏDV ödəməyə cəlb edilməsi barədə qanun qəbul ediləndən sonra şirkət növbəti binanı tikibsə, bu binadan satılan mənzillərə görə ödənilən ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır".
A.Bayramovun sözlərinə görə, bu qaydanın icrası üçün ödəniş mütləq nağdsız qaydada olmalı, yəni MTK-nın birbaşa bank hesabına yatırılmalıdır:
"ƏDV isə ƏDV depozit hesabına ödənilməlidir. ƏDV-nin 30 faizinin geri qaytarılması üçün həm ödəniş tam olmalı, həm də bina tam tikilib vətəndaşa təhvil verilməlidir. Yəni tutalım, ödəniş tam edilib, amma binanın tikintisi hələ dördüncü mərtəbədədirsə, vətəndaş ƏDV-ni geri tələb edə bilməz. Onu da deyim ki,
hazırda bununla bağlı qanunvericilikdə məsələ və texniki imkanlar yoxdur. Yəni hansısa şirkətin bank hesabına ödəyə bilərsiniz, amma onun ƏDV-sini depozit hesabına ödəyə bilməzsiniz. ƏDV-ni ancaq köçürmə yolu ilə bankdan banka ödəmək mümkündür. Vətəndaşın bank hesabı olmadığı üçün hökumət burda yeni bir formul fikirləşəcək. Texniki imkanları aktivləşdirəcəklər ki, əsas məbləğ kimi ƏDV-ni MTK nın ƏDV depozit hesabına rahat ödənilsin və nəticədə həmin ƏDV-nin 30 faizini vətəndaşa qaytarmaq mümkün olsun. Bu qaydaların qüvvəyə mindiyi günə qədər vətəndaşın ödənişi hansı formada etdiyinin fərqi yoxdur. Bu, nağd qaydada da ola bilər, şirkətin bank hesabına yatırmaqla da. Qaydalar qüvvəyə minəndən sonra isə ödənişlər mütləq şirkətin bank hesabına ƏDV depozit hesabına olunmalıdır. Artıq nağd ödəniş edilə bilməz. Yəni şirkətin rekvizitlərini alıb banka gedirsiniz və onun bank hesabına ödəniş edirsiniz. Qeyd edim ki, mənzil alqı-satqısı zamanı ödənişlər bəzən tam, bəzən də hissə-hissə edilir. Yalnız bütün ödəniş bağlandıqdan sonra ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır".