Turla gəzinti, yoxsa stress... – Jurnalist gileyləndi, deputat çıxış yolu göstərdi

Ramina Eyvazqızı:“ Tur aparanın pulunu evə qayıdanda vermək lazımdır!”
Vahid Əhmədov:“ Elə şirkətlər olur ki, kifayət qədər vəsait götürürlər, amma xidmətləri elə də yüksək səviyyədə olmur. Belə şirkətlər mövcuddur. Ona görə də seçmək lazımdır”

“Dünən guya oğlumun 11-ci sinfi ilə son dəfə turla gəzintiyə çıxdıq. İstirahət olmadı, konkret stress. Sizə turla gəzinti ilə bağlı təəssüratlarımı bölüşmək istədim, çünki çox adam peşman olurmuş. Bu sahəyə nəzarət yoxdur!!!”

Bu barədə jurnalist Ramina Eyvazqızı öz feybusk hesabında paylaşım edib. O, qarşılaşdığı mənzərəni paylaşaraq, öz izləyicilərinə bu barədə məsləhət verib.

“Tur və tur rəhbəri ( tanışlıq var idi guya) hər yerindən duran olur və əziyyəti gəzinti həvəskarı çəkir. Tura çıxmazdan səfər proqramı tələb edin və konkret məkan, vaxt, zamanı dəqiqliklə öyrənin. Tur rəhbəri reklam pulu alır deyə ziyarətçiləri hansısa restoranın daşına, qayasına çıxarıb, guya fotosessiya qayğınıza qalırsa, imtina edin. Tur rəhbəri özbaşına marşrutu dəyişəndə, etiraz edin. Tur yiyəsindən öz hesabınıza olacaq nahar məkanını, restoranını əvvəldən soruşun, yoxsa xidmət səviyyəsindən əziyyət çəkmək o yana, gələn yeməyiniz də burnunuzdan gələcək.Bizim gələcəyimizi bilən restoran sifarişimizi 2 saat sonra gətirdi, xidmət bərbaddan bərbad. Tur sahibi həmin restoranlara adam gətirdiyi üçün pul alır, sözsüz. Tur aparanın pulunu evə qayıdanda vermək lazımdır! Qabaqcadan pul alıb, sonra istədikləri kimi əsəblə oynayırlar.Tur nəqliyyatının saz vəziyyətdə olduğunu tələb edin. Bizim avtobusa yoldan başqa tura gedənləri doldurdular ki, qonşu avtobus xarab olub” – deyə əlavə edib.

Problemə münasibət bildirən deputat Vahid Əhmədov “Sherg.az”a açıqlamasında bildirib ki, məsləhətli turları seçmək lazımdır:

“Yay gəlir və rayonlarda kifayət qədər şərait var. İnsanlar gedib istirahət edə bilər. Heç kim onlar üçün problem yarada bilməz. Düzdür, elə şirkətlər olur ki, kifayət qədər vəsait götürürlər, amma xidmətləri elə də yüksək səviyyədə olmur. Belə şirkətlər mövcuddur. Ona görə də seçmək lazımdır.  Azərbaycanda turizm şirkətlərində seçim kifayət qədər böyük və genişdir.  Məsləhətləşmək lazımdır. Kifayət qədər tanınmış şirkətlərə üz tutmaq lazımdır. Aldadan şirkətlərlə iş görməyə ehtiyac yoxdur”.