AZAL, pulu az al! 

“AZAL bütün xidmətləri dövlət hesabına, ucuz alır. Həmçinin zərərlə işləyir”

“Bir neçə ildə ziyan 2 milyarddan yuxarıdır. Bütün proseslərin başında vəzifələrə təyinatın qohumbazlıq, regionçuluq və münasibətlər sistemi ilə həll olunur”

Pandemiya dönəmində ən çox ziyan görən sahə turizm sektoru oldu. Xeyli yumşalma olduğu üçün artıq bu sahədə dirçəlmə nəzərə çarpır.Lakin son günlər sosial şəbəkələrdə AZAL-ın qiymət siyasətinə dair narazı notlara rast gəlinir. Belə ki, Bakı və İrəvandan İstanbul, Paris, Berlin reyslərinə aviabiletlər arasında böyük fərq diqqətdən qaçmır: 

-Bakı - İstanbul 250 dollar
İrəvan - İstanbul 50 dollar
Bakı - Paris 300 dollar 
İrəvan - Paris 120 dollar
Bakı - Berlin 300 dollar
İrəvan - Berlin 50 dollar 

Məsafə baxımından elə də ciddi fərq yoxdur, amma AZAL-ın qiymətləri olduqca yüksəkdir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-alim Nazim Bəydəmirliyi ironik olaraq qiymətlərin yaxşı olduğunu söyləyib:

"Mövcud şəraitdə azərbaycanlılarla və ermənilərin bir-birinə inteqrasiyası daha sürətli keçər. Vətəndaşlarımız Laçın koridorundan rahatlıqla İrəvana gedərlər. Həm Qarabağı görərlər, həm gəzərlər, həm də İrəvandan başqa ölkəyə uçuşları həyata keçirərlər. Məsələyə sadəcə ritorik cavab vermək mümkündür.

AZAL bütün xidmətləri dövlət hesabına, ucuz alır. Həmçinin zərərlə işləyir. Bir neçə ildə ziyan 2 milyarddan yuxarıdır. Bütün proseslərin başında vəzifələrə təyinatın qohumbazlıq, regionçuluq və münasibətlər sistemi ilə həll olunur. Azərbaycan hökumətinin təmsilçilərinin mütləq əksəriyyəti eləcə də, dövlət şirkətlərində rəhbərlik etdikləri qurumları şəxsi obyekti kimi işlədirlər. Uçuşları daha da bahalaşdırmaq lazımdır".