Ermənistan iqtisadiyyatı gündən-günə zəifləyir.Onsuz da inkişafdan geri qalan ölkədə Azərbaycanın təmiz qələbəsi ilə başa çatan 44 günlük savaşdan sonra yaranmış qeyri-stabil siyasi durum, hökumətin istefası tələbləri, tibbi və sosial xərclərin kəskin artımı və digər amillər vəziyyətin drammatikliyini tam çılpaqlığı ilə üzə çıxarır. Ermənistan baş naziri Nikol Paşinyan da bunu dilə gətirib. O “Əl Cəzirə“ telekanalına müsahibə verib.
Baş nazir bildirib ki, Rusiyaya qarşı sanksiyalar fonunda Ermənistan iqtisadiyyatı üçün vəziyyət xoş deyil.
“Şübhəsiz , Ermənistan iqtisadiyyatına təkcə Rusiyadakı iqtisadi situasiya birbaşa təsir etməyib, həm də ərzaq təminatı ilə bağlı problemlər, inflyasiya və digər faktorların doğurduğu qlobal iqtisadi gərginlik də təsir edib”, - N. Paşinyan vurğulayıb.Paşinyan ölkə iqtisadiyyatındakı vəziyyətin idarə edilən olacağına ümidini diqqətə çatdırıb.
Vəziyyəti "Sherg.az"a dəyərləndirən iqtisadçı- ekspert Natiq Cəfərlinin sözlərinə görə, Ermənistan iqtisadiyyatının təqribən 70 faizi Rusiyadan aslıdır:
"Ümumi Daxili Məhsulun ( ÜDM ) az qala 25-30 faizi Rusiyadan göndərilən vəsait hesabına formalaşır. Yəni, Rusiyada yaşayan, işləyən ermənilərin Ermənistana göndərdiyi vəsait hesabına ərsəyə gəlir. Rusiyanın iqtisadi vəziyyətinin ağırlaşması irəlilədikcə Ermənistana daha çox təsir göstərə bilər. Buna görə erməni hökuməti alternativlər axtarır. Həm Avropa Birliyi ilə münasibətlərin yaxşılaşdırılmasına, həm Türkiyə ilə sərhədlərin açılmasına çalışır.
Ermənistanın alternativlər tapmaqdan başqa çarəsi yoxdur. Mütləq Rusiya iqtisadiyyatının onlara təsirini azalda biləcək alternativ yollar tapmalıdırlar.
Bu yollar isə Azərbaycan, Türkiyə və Avropa ilə münasibətlərin yaxşılaşdırılmasından keçir".