“Azərbaycan kimi zəngin ölkələr də ərzaq təminatında problem yaşaya bilər”

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu işə başlayıb. Forumda iştirak edən Prezident İlham Əliyev bildirib ki, aparılan müzakirələr bizi qlobal gündəmin əsas mövzularına dair yeni yanaşmalar işləyib hazırlamağa kömək edəcək. Ölkə başçısı vurğulayıb ki, hər bir ölkə təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq etməlidir:

 “Bu mənada Qlobal Bakı Forumu əla platformadır, biz burada müxtəlif tərəflərdən fərqli mövqelər eşidirik”.
Dövlət başçısı qeyd edib ki, tədbirin gündəliyində duran məsələlərdən biri də aparıcı beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının ərzaq böhranının öhdəsindən gəlməsi ilə bağlıdır:
“Çünki ərzaq böhranı qaçılmazdır”.

 Ölkə başçısının sözlərini “Sherg.az”a şərh edən iqisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ərzaq böhranı hazırda aktual və ciddi problemlərdən biridir:

“Əvvələr bəzi ölkələrin ərzaq almağa vəsaiti çatmırdı. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq bizim kimi zəngin, valyuta ehtiyatları yetərincə olan ölkələr də ərzaq təminatında problem yaşaya bilər. Çünki dünyada gedən siyasi proseslər ərzaq böhranı yaradır. Rusiya - Ukrayna müharibəsi də həm taxıl, həm digər ərzaq sahələrində problemə səbəb olur. Digər tərəfdən enerji daşıyıcılarının qiymətlərinin artımı dünyada məhsul istehsalını daha da bahalaşdırır. Nəticədə inflyasiyanın artım həddini cilovlamaq çox mürəkkəb prosesə çevrilir. Hesab edirəm ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətlərdən biri olmalıdır”.

Ölkə üçün böhrandan çıxış yollarını sadalayan iqtisadçı qeyd edib ki, ilk növbədə daxili istehsalımızı, əsasən də kənd təsərrüfatı məhsullarının istehsalını kəskin sürətdə artırmalıyıq:

“Bu sahələrə diqqəti və stimulu daha da gücləndirməliyik. Əkin sahələrinin genişləndirilməsindən daha çox məhsuldarlığın artırılmasına diqqət yetirməliyik. Kənd təsərrüfatı sahəsində aqro mədəniyyətin tətbiq edilməsini daha prioritet istiqamət kimi seçməliyik. Digər tərəfdən sözsüz ki, kənd təsərrüfatımızın istiqamətinə də yenidən yanaşmalıyıq. Daha məhsuldar sahələrə investisiyalar yatırmalıyıq.

Şübhəsiz ki, iqtisadiyyatın rəqabətliliyi daha da geniş vüsət almalıdır. Tam rəqabətlilik təmin olunmaqla, ərzaq tədarükü ilə məşğul olan özəl sektor nümayəndələrinə geniş imkanlar yaradılmalıdır. Ərzaq tədarükü ilə bağlı çalışan biznes nümayəndələrinə güzəştli kreditlər daha da əl çatan olmalıdır. Burada tam şəffaflıq və rəqabətlilik olmalıdır ki, özəl sektor ərzaq təminatında öz gücünü göstərə bilsin”.

Problemin Azərbaycana təsirsiz ötüşməyəcəyini iddia edən ekspert vurğulayıb ki, bizim yetərincə valyuta ehtiyatımız var:

 “Daxili tələbatımızı tam ödəməsə də ərzaq təhlükəsizliyi istehsalımız var. Kənd təsərrüfatı istehsalımız müəyyən tələbatı ödəyir. Lakin hesab edirəm ki, bizdə qıtlıq yaşamasa da qiymətlərin bahalaşması sözsüz ki, gündəmdə olacaq. Bununla da mübarizə aparmaq üçün yuxarıda qeyd etdiyim tədbirlərin sürətlə həyata keçirilməsi məqbul sayıla bilər”.