Deputat da “ağlayır”, sadə vətəndaş da! – Meyvənin qiyməti “ceyran belində” ...- SƏBƏB?

Rəşad Həsənov:“Son dəyər zəncirində istehsalçının yox, digər alverçilərin olması təklif qiymətinin həddindən artıq baha olmasına gətirib çıxarır”

“Şərtlər o qədər ağırdır ki, sadə vətəndaşlara nə isə tövsiyə etmək çox çətindir”

Millət vəkili Fəzail Ağamalı mövsüm meyvələrinin bahalığından gileyləndi. Parlamentari qeyd edib: “Yüsək əməkhaqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm. Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”. Deputat bildirib ki, bazarda qiymətlərə müdaxilə etmək imkanları olmadığı üçün təəssüf edir:

“Bu gün tək meyvə deyil, bütün ərzaq məhsullarında bahalaşma var. Vaxtilə 1 manata aldığım təndir çörəyini dünən 1.50 manata aldım. Düzdür, dünyada qiymət artımı çox sürətlə gedir. Azərbaycan da dünyadan təcrid olunmuş vəziyyətdə deyil.
Amma təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsullarda belə möhtəkirlərin insanların əzabı üzərində çox pul qazanmaq kimi eybəcər istəklərini görürük. Bununla bağlı müvafiq qurumlar hərəkətə keçməlidirlər”.

Deputatın bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Kimi ona haqq qazandırıb, kimi də qeyri-səmimi çıxış etdiyini iddia edib. Ümumilikdə isə doğrudan da bazarlarda mövsümi meyvə və tərəvəzlərin qiyməti “əl yandırır”. Başqa bir həqiqət də odur ki, yüksək əmək haqqı ilə təmin olunan millət vəkili bu qiymətə meyvə alıb nübar edə bilmirsə, bu məqamda sadə vətəndaşların vəziyyətini anlamaq elə də çətin deyil. 

Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı -ekspert Rəşad Həsənov bildirib ki, son dəyər zəncirində istehsalçının yox, digər alverçilərin olması təklif qiymətinin həddindən artıq baha olmasına gətirib çıxarır:

- Şərtlər o qədər ağırdır ki, sadə vətəndaşlara nə isə tövsiyə etmək çox çətindir.Biz insanlara meyvə və tərəvəzin istehsalını tövsiyə edir ki, qiymət aşağı düşsün. 

Çox təəsüf ki, sadalanan məhsullar mövsüm dövründə də ucuzlaşmadı və sıravi ailələrin ala biləcəyi qiymətə təklif edilmir. Bunun səbəbləri inflyasiya, xərclərin artması, ixrac meyilliliyinin son vaxtlar güclənməsi və.s dir.

Hökümət bu günlər də dövlət büdcəsini müzakirə edir. Amma sosial təminatlı xərclərin artırılması ilə bağlı heç bir paket ortaya qoyulmadı. Xüsusilə  həssas sosial qrupların qidaya çıxışı ilə bağlı bir sıra ölkələrin təcrübəsi vardır.

 Onlar ərzaq kartlarından tutmuş birbaşa pul vəsaitə ilə yardıma qədər dəstək alətlərindən istifadə etməklə balansı qorumağa çalışırlar. Əfsuslar olsun ki, Azərbaycanda hələlik bu müşahidə olunmur".