Qurban bayramı ilə bağlı satışa çıxarılacaq heyvanların qiymətinin bayram ərəfəsində bahalaşacağı, sonra isə ucuzlaşacağı gözlənilir. Tovuz bazarındakı satıcılar “Xəzər Xəbər”ə bildiriblər ki, yemin qiymətindəki artım satışa təsir edib.Mingəçevir bazarında isə qəssablar qeyd ediblər ki, əvvəlki aylarla müqayisədə qiymətlər 1-3 manat bahalaşıb.
Bu da qurbanlıq heyvanların satış qiymətində özünü hiss etdirəcək.Satıcılar bildiriblər ki, 14-15 kiloqramlıq quzuların qiyməti 190-200 manatdır.Qeyd ediblər ki, quzu ətinin bir kiloqramının qiyməti 13 manat, erkək ətinin qiyməti isə 12 manatdır.Bayram ərəfəsində isə qiymətlərin bir az artacağı istisna edilmir.Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il ənənəvi qaydada “Kənddən şəhərə” qurban yarmarkaları
nın keçirilməsi planlaşdırılır.Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, heyvan kəsim məntəqələrinə xüsusi nəzarət ediləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar qaydalara uyğun kəsilmiş heyvanların satışı həyata keçiriləcək.
Hər il bayram günlərində rastlaşdığımız bu qiymət artımı əhali arasında narahatçılıq doğurur.
Bayramqabağı qiymət artımının ticarət fəndi olduğunu deyən iqtisadçı-ekspert Fuad ibrahimov "Sherg.az"a bildirib ki, bu halın dünyada gedən qiymət artımı ilə əlaqəsi yoxdur:
"Ərzaq məhsullarının qiyməti dinamik şəkildə qalxır. Bu gün quzu ətinin bayramqabağı artmasını dolayı yolla da olsa, böhranın boynuna atacaqlar. Lakin bu doğru deyil.Məhz Qurban bayramında qurbanlıq heyvanlara tələbat artır və bu da qiymət artımına səbəb olur.Bütün sahibkarlar istəyirlər ki, daha çox mənfəət əldə etsinlər.Çox təəsüf ki, müqəddəs bayramın olması da bu hallara təsir göstərmir. Ticarətin dini yoxdur, hər bayram bu hallar müşahidə olunur. İndi də elə olacaq".