İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıya səfərə gəlib.Onun ölkə rəsmiləri ilə görüşləri isə iyulun 6-na planlaşdırılıb.
Həmçinin, qeyd olunub ki, səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Nazir səfərdən əvvəl jurnalistlərə bildirib ki, İran hökumətinin siyasəti qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əlaqələri hərtərəfli inkişaf etdirməkdir.
Bu siyasətin təmini istiqamətdə iki ölkənin prezidentləri müxtəlif görüşlər keçirib.Mehrabian qeyd edib ki, İranla Azərbaycan arasında su və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq mövcuddur:
"Elektrik enerjisi sahəsində İran, Azərbaycan və Rusiya şəbəkələrinin sinxronlaşdırılması layihəsi mövcuddur. Səfər zamanı bu layihə haqqında müzakirələr aparılacaq. Su sahəsində də iki ölkənin müştərək layihələri mövcuddur. “Qız Qalası” və “Xudafərin” bəndləri üzərində elektrik stansiyasının işə salınması məsələsi də müzakirə edilir. Bu stansiyaların işə salınması ilə iki ölkə müştərək elektrik enerjisi istehsal edəcək".
İranın Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkərək iqtisadi əlaqələri genişləndirməyi maraq doğurur.Sosial mediada bu əməkdaşlıqların Siyasi pəncərələri genişləndirəcəyi və inkişaf etdirəcəyi deyilir.
Azərbaycanın İranın Asiya və Avropaya çıxışı üçün ən vacib qapılardan biri olduğunu deyən iqtisadçı-ekspert Pərviz Heydərov "Sherg.az"a bildirib ki, hər iki ölkənin iqtisadi və siyasi baxımdan əlaqələrini gücləndirməsi vacibdir:
"İranın Azərbaycana qarşı qərəzli mövqe tutması heç bir xeyir gətirmir. Əksinə onu bir çox iqtisadi dividentlərdən kənarda qoyur. Çün ki Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadi potensiala sahibdir və birləşdirici coğrafi mövqeyi var. Həmçinin nəqliyyat infrastrukturunda həyata keçirdiyi islahatlarla ön plandadır.
Son səfərlərdən də göründüyü kimi İran Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdır. Onu da deyim ki, bizim üçün də, eyni dərəcədə İranla iqtisadi və siyasi əlaqələrin formalaşması əhəmiyyətlidir.
Ona görə ki, ən azından Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar respublikası ilə əlaqələrimiz nöqteyi-nəzərindən İranla əlaqələrin güclənməsi fövqalədə dərəcədə vacibdir.Bu səbəblərə nəzərə alsaq, əlaqələrin inkişafında həm rəsmi Bakı, həm də rəsmi Tehran maraqlıdır".