“...Özəl, biznes maraqları çərçivəsində idarəetməyə verilməlidir”
Azərbaycan Hava Yolları(AZAL) vətəndaşlara təqdim etdiyi xidmətin olduqca bahalı olması aylardır, illərdir müzakirə olunur. Quru yollarının tamamilə bağlı olduğu bir dönəmdə AZAL-ın aviabilet qiymətlərini yüksək qiymətə təklif etməsi əhali arasında narazılıq yaradır. Əksər sosial şəbəkə istifadəçisinin fikirincə, bahalaşma səbəbi bu sahədə rəqabətin yaradılmaması və digər hava şirkətlərinə şansın tanınmamasıdır.
Dövlətin hava nəqliyyatı ilə sərnişin daşıma siyasətinin düzgün qurulmadığını iddia edən iqtisadçı-ekspert Rəşad Həsənov "Sherg.az"a bildirib ki, AZAL xarici şirkətlərin bazara girməsini əngəlləyir:
"Bu istiqamətdə kifayət qədər ciddi problemlər var. Çunki hava nəqliyyatı xidməti göstərən şirkət eyni zamanda hava nəqliyyatına dair infrastrukturları yəni hava limanları və naviqasiyanı idarə edir. Belə olduğu təqdirdə təbii ki, AZAL öz maraqlarını önə çəkəcək və xarici şirkətlərin bazara daxil olmasının qarşısını almaq üçün bürokratik addımlar atacaq.
AZAL “slot”ların ədalətsiz paylanmasından tutmuş infrastrukturun istifadəsi, rəqabətli qiymət təklifinə maneələrin yaradılması kimi məsələlərin hər birinə müdaxilə edir.
Bunun nəticəsində də, Azərbaycan xalqı bahalı xidmətlərdən istifadə edir. Ölkədə demək olar ki, “lokoster” yoxdur. İki istiqamətdə uçuşlar həyata keçirilir. Gürcüstandan 40-50 istiqamətdə vizair və 10 istiqamətdə rainair uçur. Belə hallar nəzərə alınaraq hava nəqliyyatı infrastrukturu AZAL-dan alınmalı və özəl, biznes maraqları çərçivəsində idarəetməyə verilməlidir. Gürcüstanın Kutaisi hava limanı türklərin TAB şirkətinə verildikdən sonra 2013-2019-cu illər ərzində daşıdığı sərnişin sayını artırdı.
Əvəzində Azərbaycanın ikinci dərəcəli hava limanları Gəncə, Qəbələ, Lənkəran limanlarında sərnişindaşıma aşağı düşdü. Yəni ki, idarəetmə fərqininin nəticəsini bu 5-6 ildə dəqiq analiz etmək olar".