Dünya müsəlmanlarının müqəddəs bayramı hesab edilən Qurban bayramı yaxınlaşır. AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.
Qurban bayramı yaxınlaşdıqca qurbanlıq quzuların qiymətində kəskin qiymət artımları müşahidə olunur. Müqəddəs bayram ərəfəsində qiymətlərin bu şəkildə dəyişməsi əhali arasında narazılıq yaradıb.
Qiymət artımının bazar iqtisadiyaının tələbləri doğrultusunda olduğunu deyən iqtisadçı-ekspert Cəfər ibrahimli "Sherg.az"a bildirib ki,hər il bu dönəmlərdə qiymət artımının olması gözləniləndir:
"Düzdur Qurban bayramı dini bayramdır.Lakin biznesin öz qayda-qanunları var. İllərdir, şahidi oluruq ki, bayram ərəfəsində xırdabuynuzlu heyvanlara tələbat artır.
Nəticədə də, qiymət artımı müşahidə olunur. Həmçinin bazarda satışa çıxarılan heyvanların çəkisi və keyfiyyətinə görə də qiymətləri müxtəlif olur. Bu hallar iqtisadi qanunauyğunluqla müyyənləşdiyi üçün deməyə çox bir şey qalmır.
Qiymət artımının heyvan qıtlığı ilə heç bir əlaqəsi yoxdur. Hər il xarici və daxili bazardan xeyli heyvan gətirilir. Bu il də yetərincə heyvanın satışa çıxarılacağını gözləyirəm".