Qarabağın iqtisadi inkişafı əsas hədəfdir

İşğaldan azad edilmiş ərazilərimizdə yüksək texnologiyalara əsaslanan müəssisələr yaradılacaq, yeni layihələr həyata keçiriləcək

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

  Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiqləyən sərəncam imzalayıb. Sərəncama əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Nazirlər Kabineti həyata keçirəcək. Nazirlər Kabineti Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verəcək. Həmçinin icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023-2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görəcək. Sənəddə qeyd olunur ki, iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. 

Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq. 

Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. 

Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. Həmçinin, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaqdır. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaqdır. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcəkdir. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaqdır.

  Göründüyü kimi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bütün sahələri əhatələyir. Strategiyanın tələb olunan səviyyədə həyat keçirilərsə ölkənin istisnasız olaraq, hər bir regionunun, hər bir bölgəsinin sosial-iqtisadi inkişafına daha da güclü təkan verə bilər.

 Təbii ki, ən ümdə məsələ işğaldan azad edilmiş ərazilərin dirçəldilməsidir. Mənfur qonşularımızın 30 ilə yaxın müddətdə Qarabağ regionunu bərbad hala salması, mövcud infrastrukturu dağıtması bölgəni “ölü” zonaya çevirdi. Lakin Böyük Qələbədən dərhal sonra cənab Prezidentin başlatdığı və daim diqqət mərkəzində saxladığı Qarabağdakı quruculuq, bərpa, dirçəldilmə prosesi çox qısa zamanda bəhrəsini verdi. Artıq bu gün Qarabağın bir çox şəhərləri, kəndlərində məskunlaşma başlayıb, beynəlxalq tədbirlər, forumlar keçirilir, Qarabağ dünyanın dörd bir yanından qonaqlar qəbul edir. Viran qoyulan ərazilərdə qısa müddətdə infrastruktur bu dərəcəyə - qonaqları qəbul edəcək səviyyəyə çatdırılıbsa, demək, qarşıdakı illərdə daha böyük inkişafa kimsə şübhə edə bilməz. 

  İqtisadçi Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Prezidentin imzaladığı sərəncam bütün regionların, o cümlədən də işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını təmin edəcək: 

- Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Qarabağımız düşmən işğalında olduğu illərdə başlandı.  Dövlət proqramlarının icrası nəticəsində uğurlar əldə edildi. Müəyyən bölgələrdə müəssisələr yaradıldı, iş yerləri açıldı, bu da həm ümumilikdə ölkə iqtisadiyyatına, həm də əhalinin məşğulluğunun təmin edilməsinə, sosial durumunun yaxşılaşmasına xidmət etdi. İndi isə əlbəttə, əsas hədəf Qarabağdır. Lakin bu o demək deyil ki, digər regionlarımız ikinci plana keçməli, diqqətdən kənarda qalmalıdır. Xeyr, iqtisadi inkişaf birtərəfli ola bilməz, yalnız 1-2 regionun iqtisadi inkişafı ilə də razılaşmamalıyıq. İqtisadiyyat elə bir sahədir ki, burada əlaqəli inkişaf olmalıdır.

 Deyək ki, sabah geniş Qarabağ bölgəsində becərilən pambıqdan tekstil sənayesinin inkişafında istifadə edilməyəcəksə, daha bu pambığı niyə becəririk? Yaxud, üzümçülük yalnız ixrac üçün lazım olacaqsa və yerli istehsal və yerli bazarda onun heç bir payı olmayacaqsa, ölkəmizin ixracdan asılı vəziyyətdən çıxması üçün heç bir addım atılmamış olacaq. 

Prezident tərəfindən imzalanmış Sərəncamda işğaldan azad edilmiş ərazilərin iqtisadi yüksəlişinə nail olunmasına açıq göstərişlər var. Əhalinin məskunlaşması, məşğulluğun təmin edilməsi, kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin yaradılması... bunlar hamısı Qarabağ regionunun dirçəldilməsi məqsədi daşıyır. Bu günlərdə Koreyanın “Tennor Holdinq” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Lars Vindorstun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun da iştirak etdiyi görüşdə vacib məsələlərə toxunulub.  

 İşğaldan azad edilmiş ərazilərimizdə yüksək texnologiyalara əsaslanan müəssisələrin yaradılması, layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Məlumdur ki, Koreya yüksək texnologiyalar sahəsində lider ölkələrdən biridir. Belə bir ölkə ilə əməkdaşlıq etmək, işğaldan azad edilmiş ərazilərdə müasir və gələcəyə hesablanmış texno-müəssisələrin yaradılmasına kömək edəcək. 

Təkcə Koreya şirkəti deyil, hazırda dünyanın bir çox qabaqcıl şirkətləri Azərbaycanla əməkdaşlığa can atır. Əlbəttə ki, Azərbaycan dövləti də sərfəli təklifləri nəzərdən keçirir və Qarabağ regionunun inkişafına xidmət edəcək birgə layihələrə üstünlük verir.