Son günlər regionda baş verən iqtisadi proseslər, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın yaxın qonşuları və bəzi əsas ticarət tərəfdaşları olan ölkələrdə yerli valyutaların dollar qarşısında ucuzlaşması manat üçün təzyiq ehtimalı yaradır. Türk lirəsi və rus rublunun kəskin ucuzlaşması Azərbaycanda da devalvasiya riski ilə bağlı müzakirələri gücləndirib. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, il sonuna kimi manatın məzənnəsində heç bir dəyişiklik gözlənilmir:
“Hazırda tədiyyə balansının profisitini, valyuta hərraclarında tələbin kəskin azalmasını nəzərə alsaq, bizim ilin sonuna kimi manatın məzənnəsinin dəyişməsi ilə bağlı heç bir gözləntimiz yoxdur"
Manatın devalvasiyanın çox az ehtimalı olduğunu deyən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, neftin qiymətinin kəskin artması Azərbaycanın valyuta gəlirlərini artırır:
"Təbii ki, devalvasiya ehtimalı hər zaman var. Lakin dünyada cərəyan edən geosiyasi vəziyyət və müahribə neftin qiymətinin kəskin artmasına səbəb olub. Bu qiymət artımı Azərbaycanın gəlirlərini artırır. Bu mənada manat üçün təhlükə yoxdur. Bunu Elman Rüstəmovun getməsi və Taleh Kazımovun məhz indi vəzifəyə təyin olunması da göstərir. Əgər dünyadakı vəziyyət dəyişsə, hər şey ola bilər. Amma indiki vəziyyətdə təhlükə gözlənilən deyil".