Qızılın qiyməti cüzi artaraq bir unsiya üçün 1800 ABŞ dollarını keçib. Birjalar ABŞ-da makrostatistik məlumatların açıqlanmasını gözləyir.
Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,07 faiz və ya 1,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 808,15 ABŞ dollarına satılıb.
İqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq"ə açıqlamasına görə, həmişə müharibələrin gərginləşdiyi dövrdə qızıl investorlar üçün güvənli liman rolunu oynayır: "Etibarlı olaraq da kifayət qədər çox sayda sərmayəçi qızıla yatırım etməyə çalışır. Bu, əsasən, Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olsa da, digər səbəblər də mövcuddur. Onlardan biri də dünyada inflyasiyanın güclənməsidir. Sərmayəsi olan insanlar inflyasiyadan qorunmaq üçün qızıla yatırım etməyə üstünlük verirlər. Bu trend yəqin ki, bir müddət, ən azından Rusiya-Ukrayna müharibəsi bitənə qədər davam edə bilər. Hələ ki, qiymət 2000 dollara çatmayıb. Müəyyən enişlər və qalxışlar olub. Lakin bu, təbiidir. Amma savaş sona çatsa və dünyada Mərkəzi Banklar faiz artırmağı sürətləndirsə, yenidən qızılın qiymətinin düşməsinin şahidi olacağıq”.
İqtisadçının sözlərinə görə, daxili bazarda qiymətlər yüksəlsə də, alıcılıq qabiliyyəti düşüb. Yəni qızıl satışı həcmləri azalıb. Qiymətlər bahalaşdıqca satış səviyyəsi də enir. Ona görə də qızıl satıcıları çox da yüksək qiymət qoymaq istəmir.