Yoxsul ailələr istirahət etmək hüququndan məhrumdur
"Onların aylıq gəlirləri gündəlik dolanışıqlarına belə çatmır, yardıma ehtiyacı olan insanlardır. Amma yaxşı olardı ki, dövlət tərəfindən onlara istirahət etmək üçün pulsuz yerlər yaradılsın"
Bu gün Azərbaycanda fəaliyyət göstərən otellərdə qiymətlər xidmət səviyyəsindən asılı olmayaraq kifayət qədər bahadır. Mövcud qiymətlər də ölkə vətəndaşının cibinə uyğun deyil.
Zaman-zaman mütəxəssislər ölkəmizdəki otel qiymətlərinin bazar tərəfindən deyil, müxtəlif orqanların təsiri nəticəsində formalaşdığını vurğulayırlar.
İqtisadçı Rauf Qarayevin “Şərq”ə açıqlamasına görə, qiymətlərin yüksək olmasının səbəbi otellərin düzgün qiymət siyasəti aparmamasıdır. Otellər bir çox hallarda qiymətləri göstərdikləri xidmət səviyyəsinə uyğun deyil, öz istədikləri kimi təyin edirlər. Bundan başqa bu sektorda rəqabətin zəif olması da qiymətlərə öz təsirini göstərir. Əgər xarici ölkələrdə otellər turizm mövsümü ilə əlaqədar endirimlər etməklə daha çox turist cəlb etməyə nail olmaq istəyirlərsə, Bakıda əksinə, mövsümlə əlaqədar qiymətlər yüksəlir. Bu həm otel biznesində rəqabətin olmaması, həm də onların sayının az olması ilə əlaqədardır. Bu şərtlər otellərə öz şərtlərini müştərilərə diktə etməyə imkan verir.
İqtisadçının sözlərinə görə, bizdə ucuz otelçilik konsepsiyası hələ oturuşmayıb. Çünki bizdə bu sahədə siyasət doğru deyil və əsas oyunçu dövlətdir:
“Böyük otellərin tikintisində dövlət investisiya qoyur. Ucuz otelçiliyin inkişafı dövlətin təşviqindən – aşağı faizli kreditlərdən asılıdır. Bizdə isə bu yoxdur. Otellərin qiymətləri bir mövsümün üzərinə yıxmaqla öz qazanclarını təmin etmək istəyi də qiymətlərin qalxmasına səbəb olan amillərdəndir. Yəni otellər yalnız yayda fəaliyyət göstərib, qışda bağlı qaldığına görə digər mövsümlərdə çəkilən xərclər də qiymətlərə təsir edir”.
Ekspertin apardığı araşdırmalara görə, Azərbaycan Respublikasının "Yaşayış minimumu" haqqında qanunun 1.0.6. bəndinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə sayılır. Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunun 1-ci maddəsinə əsasən Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.
Təsəvvür edin ki, 4 nəfərdən ibarət ailənin orta aylıq gəliri 400 manat təşkil edir. 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 200*4=800 manat təşkil edir. Bu halda ailəyə 800-400=400 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər. Bu ailə aztəminatlı ailə sayılır.
Demək, ölkənin hər hansı yerində istirahət etmək aztəminatlı ailələrin ciblərinə uyğun deyil. Onların aylıq gəlirləri gündəlik dolanışıqlarına belə çatmır, yardıma ehtiyacı olan insanlardır. Amma yaxşı olardı ki, dövlət tərəfindən onlara istirahət etmək üçün pulsuz yerlər yaradılsın. Onlar da bir cəmiyyətin üzvü kimi istirahət hüququndan məhrum olmasınlar.
Onu da əlavə edim ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 1 maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
Hesab edək bir ailədir və üzvlərinin sayı 6-dır. 2 əmək qabiliyyətli ana və ata, ümumi gəlir 220+220 = 440 manat. Bir pensiyaçı ata və ana 176 + 176 = 352 manat və 2 uşaq 193+193 = 386 manat. Onlar bu pulla oteldə istirahət edə bilərmi?
Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.
Demək, bu onların minimum dolanışığı üçün nəzərdə tutulub və onların istirahət etmək haqqını burada tənzimləyici rol kimi görmək olmur.
Ölkə üzrə minimum əmək haqqı 300 manatdır. Yəni 300 manatdan aşağı işçiyə maaş verilə bilməz. Bir ailədə 2 şəxs işləyir. Ata və ana hərəsi 300 manat əmək haqqı alır. 2 övladları var, onlar məktəblidir. Onların əmək haqqılarından vergiləri çıxsaq təxmini rəqəm əllərinə ümumu olaraq 270 + 270 = 540 manat edəcək. Bununla onlar əlavə olaraq istirahət edə bilərlərmi? Ailəvi olaraq hətta hesab etsək ki, yerli həmkarlar təşkilatı bunlara məzuniyyət zamanı 80 faiz gedişin haqqını qarşılamaqla göndəriş versə yenə də istirahət etmək mümkün olmayacaq. Demək, minimum əməkhaqqı bazar qiymətlərini nəzərə alaraq ailəyə bəs etməyəcək. Onlar əlavə olaraq istirahətə getdikdə kimlərdənsə borc almalıdırlar (bunu qaytarmaqda var) və ya istirahətdən imtina etməlidirlər.
Ailənin büdcəsi indiki tələblərə uyğun olaraq aylıq yaşayış səviyyəsindən fərqli normaları tənzimləmək üçün minimum hər bir ailə üzvü 1000 manat götürsək və ümumilikdə ata-ana vergiləri çıxmaqla 800 manat alsa belə yenə də istirahət üçün kifayət etməyəcək.
Səbəb odur ki, rəsmi statistikaya inansaq 23 faiz inflyasiyanı nəzərə alsaq, bu ailənin ümumi gəliri 1000 manat həddini keçməlidir ki, minimum ölkə daxilində hər hansı bir yerə gedib istirahət etsin. İndiki halda ölkə üzrə statistik rəqəmləri götürsək, ümumi olaraq əhalinin 25-30 faizi bunu özü üçün edə bilər.