Osman Gündüz təklif edir ki, proses sosial mediada və TV-də canlı yayımlansın
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə güzəştli mənzillərin satışı haqqında növbəti elan verib. İlk dəfə olaraq rekord sayda, 815 mənzilin onlayn formada satışa çıxarılacağı bildirilib.
Mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək.
Burada maraqlı məqam odur ki, adı çəkilən elanda mənzillərin satışının əvvəlki qaydada, yəni onlayn formada olacağı bildirilib.
Yəni satış “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində şəxsi kabinet formalaşdırmaqla elektron qaydada həyata keçiriləcək.
Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə, MİDA dərc etdiyi elanında indiyədək mövcud olan Qaydalarda hansısa dəyişiklik haqqında məlumat verməyib: “Amma DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil ” infromasiya sistemi və güzəştli mənzillərin seçim Qaydaları təkmilləşdiriləcək.
Bununla bağlı bizim tərəfimizdən də bir xeyli təkliflər verilmişdi.
Yeri gəlmişkən, ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ekosistemindəki yeni normalara görə MİDA sistemi də kritik informasiya infrastrukturuna daxil olan qurumlardan olacaq. Belə olan halda bu informasiya sisteminin də yenidən İT auditi gündəmə gəlməlidir.
Ümumiyyətlə, yeni satışdan öncə sistemin təhlükəsizliyinin və botlara, kənar müdaxilələrə qarşı dayanıqlığının auditdən keçirilməsi, DEMO versiya ilə satış modulunun kodlarının tam dəyişdirilməsi, onlayn satış prosesini əks etdirən bütün datanın açıqlanması, ən tez və ən gec seçilən mənzillər haqqında ayrıca məlumatların verilməsi, satış prosesində şəffaflığın təmin edilməsi, satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması və s. doğru olardı.
Hökumətin və MİDA-nın güzəştli mənzillərin alternativ, oflayn satış üsullarını təqdim etməsi də doğru olardı”.