"Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA ) bu gün keçirilməsi nəzərdə tutulan onlayn satış yenidən baş tutmadı. "ASAN login" sisteminə hücum olub".
Bu sözləri "Sherg.az"a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüz bildirib ki, bu dəfə problem MİDA-da deyil, "ASAN login" sistemində yaranıb:
"Səlahiyyətli qurumların nümayəndələri satışa qısa müddət qalmış "ASAN Login" sistemində problemlər müşahidə olunduğunu açıqladılar.
İstifadəçilər "ASAN login" vasitəsilə “Elektron hökumət” portalına ( eGov ) giriş edə bilməyiblər.
İstifadəçilərin bir hissəsi sistemdə olduğu halda digərlərinin giriş etməkdə çətinlik çəkdikləri ortaya çıxıb.
eGov-a cavabdeh qurumlar "ASAN login" və eGov sistemlərinə hədsiz çox sorğular olmasını müəyyənləşdiriblər. Satışadək aparılan testlərə görə bu sorğular məhdud çərçivədə olmalı idi.
Çoxsaylı sorğuları "ASAN login" rəsmiləri təhdid, kənar müdaxilə kimi dəyərləndiriblər.
Qısası, güman etmək olar ki, "ASAN login" sisteminə kiber hücum edilib. Baş verənləri nəzərə alaraq rəsmilər bu gün üçün nəzərdə tutulan satışı keçirməyi məqsədəuyğun saymayıblar".
Qeyd edək ki, bu gün saat 11:00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı.