Regionda sosial evlərin tikilməsi xoş xəbərdir

Bu, həm paytaxtdakı sıxlığı azaldar, həm də regionların inkişafına təkan verər

İnsanlar düşünəcək, bir halda ki, mənzil əldə etmək asandır, gedib orada yaşamaq və işləmək olar

  Şirvan şəhərində "sosial evlər"in tikilməsi planlaşdırılıb. Bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC təkliflər sorğusu elan edib. Məlumata görə, bunun üçün Şirvan şəhərinin Naxçıvan küçəsində 8,1 hektar ərazi nəzərdə tutulub. Bildirilir ki, sözügedən ərazidə şəhərsalma üzrə əsaslandırılma, tikinti layihəsinin hazırlanması və müəllif nəzarəti işləri üzrə sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 27-si, saat 17:00-a qədər şirkətə təqdim edə bilər.

  Qeyd edək ki, ölkədə gəlir səviyyəsi orta və aşağı olan  vətəndaşlar üçün mənzillərin tikintisinə bir neçə il əvvəl başlanılıb. Sosial evlər adı alan binaların tikintisi ilk növbədə paytaxtda mənzil tələbatının ödənməsinə hədəflənsə də, bu, səbəblərdən yalnız biridir. Sosial evlərə iddia edilməsi isə bir neçə şərtə əsaslanır ki, bu sırada şəhid ailələri, müharibə veteranları, dövlət qulluğunda çalışanlar (müxtəlif müddətlərdə), ordu, hüquq-mühafizə orqanları kontingentinə aid olanlar və sair daxildir. Sosial evlərin gənclər və gənc ailələrin mənzillə təmin edilməsində əhəmiyyətli rol oynayacağı düşünülsə də, heç də belə olmadı. Bu gün sosial evlər layihəsindən yararlanan çox az sayda gənc ailə var. Bu da sosial evlərə iddialı olanların əmək haqqının azlığı səbəbindən güzəştli mənzillər üçün ipoteka krediti ala bilməməsidir. Gənc ailələr mənzilə görə aylıq ödənişləri ödəməkdə çətinlik çəkir. 

  Onu da qeyd edək ki, paytaxtla yanaşı, regionlarda da sosial evlərin tikintisi planlaşdırılırdı. Mənzil İnşaatı Dövlət Agentliyi regionlarda sosial evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması imkanları araşdırarkən şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük verib. Hazırda isə MİDA Şirvan şəhərində sosial evlərin tikintisi üçün təkliflər sorğusu elan edib. Regionlarda sosial evlərin tikintisi daha çox mənzil tələbatının ödənməsinə hesablanıb, yoxsa paytaxtdakı sıxlığın azalmasına? 

  İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, sosial evlərin regionlarda inşası paytaxtdakı sıxlığın azalmasına kömək edə bilər: 
- Bakıda onsuz da sıxlıqdır. Paytaxtda sosial evlərin tikintisi burada sıxlığı azaltmır, əksinə, artırır.  Güzəştli mənzillər əldə etməyin şərtləri yüngül deyil. Mənzilləri əldə edənlər adətən onları kirayə verir, aztəminatlı ailələr, regionlardan paytaxta üz tutanlar da nisbətən yüngül şərtlərlə bu mənzillərdə kirayə qalmağa razılaşırlar. Nəticə etibarilə paytaxtda sıxlıq durmadan artır. Regionlarda isə əhali sayı azalır. Yaxşı haldır ki, MİDA Şirvan şəhərində sosial evlərin tikintisinə başlamaq istəyir. Bu məsələdə vəziyyət, mövcud durum dəqiq öyrənilməlidir. Sosial evlər o regionlarda  tikilməlidir, hansı ki, paytaxtdan çox da uzaq məsafədə yerləşmir və oradan paytaxta gəlib-getmək nisbətən asandır. 

Şəxsən mən Şirvanda sosial evlərin tikintisinə sevinərəm. Çünki Şirvan, Gəncə, Lənkəran kimi regional mərkəzdir. Məsələn, orada məhkəmə sisteminin də regional mərkəzi yerləşir. Regional təhsil idarəsi var... Ümumiyyətlə, Şirvan şəhəri həm paytaxta yaxındır, həm də inkişafa meyllidir. 

Şirvanda sosial evlərin tikintisi regionun inkişafına kömək edə bilər. İnsanlar düşünəcək, bir halda ki, mənzil əldə etmək asandır, gedib orada yaşamaq və işləmək olar. İş tapacaq, işləyəcək, mənzili də olacaq. Ona görə də hesab edirəm ki, sosial evlər paytaxtdan daha çox regionlarda tikilməlidir. Bu, həm paytaxtdakı sıxlığı azaldar, həm də regionların inkişafına təkan verər. İnsanlar daim, əsasən mənzil problemindən əziyyət çəkir. Mənzil oldusa, iş tapmağa da meyllənirlər, necə deyərlər, lövbər salıb yaşayırlar.

  Bildiyim qədər regionlarda vəkillərin say azlığından giley var. Hüquq müdafiəçilərinə, vəkillərə sosial evlər verin, gedib yaşasınlar, işləsinlər və insanların hüquqlarının müdafiəsiylə məşğul olsunlar. Niyə vətəndaş məhkəmə işiylə bağlı, tutalım, Lənkərandan, ya da Gəncədən durub Bakıya gəlməlidir? Eləcə də hansı regionda dövlət strukturlarının regional bölmələri fəaliyyət göstərirsə, orada sosial evlər tikilməlidir. Qoy əhali regiondan paytaxta üz tutmasın, öz yurdunda yaşasın və işləsin.