Kasıbçılığın üzü qara olsun!

Marketlərdə əlini toyuq ətinə uzadanların sayı artıb

"Ən əvvəl sağlamlıq, ikinci isə ailə büdcəsi haqqında düşünənlər, toyuq və toyuq filesi alarkən diqqətli olmalıdır"

  Sümüklü dana ətinin 15, sümüksüz dana ətinin qiymətininsə 17 manata qalxması əhalini toyuq ətinə üstünlük verməyə vadar edib. Marketlərdə əlini toyuq ətinə uzadanların sayı da getdikcə artır. Amma toyuq ətinə tələbatın artması bu məhsulun da qiymətinə təsir edir. Dönərlik toyuq ətinin kiloqramının 5-5.50 qəpikdən 6 manata qalxdığı məlumdur. Evdar olmayan qadınların toyuq ətinə üstünlük verməsinin əsas səbəbi tez hazırlanmasıdır, lakin evdar qadınlar da toyuq ətinə üstünlük verməyə başlayıb artıq. Şübhəsiz ki, bu, toyuq ətinin dana, quzu əti ilə müqayisədə ucuz olması, müxtəlif yeməklərin hazırlanmasında – istər isti, qazan yeməklərində, istərsə də soyuq yeməklərdə - salatlarda geniş istifadəsinin mümkünlüyüdür. Amma qida mütəxəssisləri əhaliyə toyuq əti alarkən diqqətli olmağı məsləhət görür. Səbəb nədir? 

  Mütəxəssislər bildirir ki, toyuq bulyonunda bir çox amin turşusu və mineral var, immunitet sistemini gücləndirir, həzmi və sümük toxumasının vəziyyətini yaxşılaşdırır. Buna görə də xəstələrə toyuq bulyonu məsləhət görülür. Məsələn, qaynadılmış 100 qram toyuq ətinin tərkibində: zülallar - 19.1 q, yağ - 7.4 q, karbohidratlar - 0.5 g, ümumi enerji dəyəri isə - 145 kcal-dır. Toyuq ətinin faydalı xüsusiyyətləri həm toyuqların pəhrizinin tərkibinə, həm də onların böyüməsinin ümumi üsuluna bağlıdır. Bu səbəbdən geniş açıq qəfəslərdə və açıq havada, ev təsərrüfatlarında yetişdirilən toyuqlara üstünlük verilməlidir. Qarışıq yem və böyümə stimulyatorları sayəsində yetişdirilən broyler toyuqlarından uzaq durmaq lazımdır. Təbii şəraitdə, fermer təsərrüfatlarında olsalar da, təbii qidalarla yetişdirilən toyuqların ətinin faydalı xüsusiyyətləri çoxdur. Toyuq əti tam bir heyvan zülalıdır. Toyuq əti bütün vacib amin turşularını, qığırdaq zülallarını və insan toxumaları üçün vacib olan materiallara malikdir. Yeri gəlmişkən, toyuq ayaqlarında olan kollagen və elastin zülalları xüsusilə oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün faydalıdır. Toyuq döşünə - toyuq filesinə niyə üstünlük verilir, çünki toyuq döşünün tərkibi pəhriz üçün idealdır - çox az yağ və xolesterolu var, buna görə kilolu və ya damar problemi olanlar üçün xüsusilə faydalıdır. Toyuq ətində bol miqdarda vitamin var. Əsasən, toyuq ətinin kimyəvi tərkibi ən çox ayaqlarda və qanadlarda olan B vitaminləri ilə zəngindir. Bundan əlavə görmə qabiliyyətini artıran, immuniteti gücləndirən A və E vitaminləri də var. Toyuq əti ilə artıq çəkiyə malik olmaq mümkün deyil, eyni zamanda doyurucu xüsusiyyətə malikdir. Gəldik toyuq ətinin zərərlərinə. Əlbəttə, zərərləri də yox deyil. Mütəxəssislər ilk növbədə vurğulayır ki, toyuğun zərərindən danışarkən məhz broyler təsərrüfatlarında süni şəkildə böyüdülən, kimyəvi qatqılı yemlə bəslənən toyuqlardan söhbət gedir. Bu cür toyuqlar kimyəvi qatqılı, sintetik yemlərlə qidalandıqları üçün orqanizmə zərərlidir. Bundan əlavə, təbii şəraitdə yetişdirilən toyuqların da zərərləri var. Xüsusən toyuğun dərisi zərərlidir, çünki yağların ən çox toplaşdığı hissə məhz dəridir. Bu yağın tərkibində isə kifayət qədər xolesterol var, hansı ki, damar sərliyi, damar tıxanıqlığına səbəb olur. Köklük yaradır. Aldadıcı dad xüsusiyyəti isə ondan daha çox yeyilməsinə yol açır, nəticədə köklük, təngnəfəslik, son olaraq da ürək-damar xəstəliklərini yaradır. Ən əvvəl sağlamlıq, ikinci isə ailə büdcəsi haqqında düşünənlər, toyuq və toyuq filesi alarkən diqqətli olmalıdır. Toyuğun hansı şəraitdə bəslənildiyindən əmin olsunlar, köhnə məhsul almasınlar. Ətin təzə-köhnəliyini ayırd etmək üçün toyuq karkasını – sinə hissədən azacıq içəriyə doğru basmaq lazımdır. Əgər toyuq əti elastikdirsə, sıxılmış ət qısa müddətdə əvvəlki vəziyyətini alacaq, yox əgər toyuq köhnədirsə, sıxılmış yer çuxur kimi qalacaq. Bundan başqa toyuğun yaşlı və ya qoca olduğunu da dərisinin rəngindən seçmək olar. Beçələrin dərisi ağ, nazik və yağsız olur. Yaşlı toyuqların dərisi isə qart, sarı və yağlı olur.