Bakıda ev alan xaricilərin sayı artıb

Ən çox mənzil alan ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır

"Çünki ölkəmizdə daşınmaz əmlaka sahib olmaq hüquqi baxımdan da artıq asanlaşıb və təminatlıdır"

  Azərbaycanın daşınmaz əmlak bazarına əcnəbilərin marağı artır. Ötən il və bu ilin ilk altı ayında Azərbaycanda daşınmaz əmlak əldə etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb. Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, ümumilikdə 40 fərqli ölkədən olan xarici vətəndaşlar Azərbaycandan daşınmaz əmlak alıblar. Azərbaycandan ən çox mənzil alan ilk üçlükdə isə Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır. Siyahıda Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Almaniya, İran, Ukrayna, Belorus, İsrail də ilk onluqdadır.    

  Daşınmaz əmlak bazarında formalaşmış vəziyyət nəylə bağlıdır? “Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı “Şərq”ə açıqlamasında Rusiya, Ukrayna ilə bağlı vəziyyətin, zatən aydın olduğunu dedi: 

- Rusiya-Ukrayna müharibəsi məlum məsələdir ki, bu ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanda daşınmaz əmlaka sahib olmaq üçün əsaslı səbəbdir. Təbiidir ki, insanlar daha təhlükəsiz, daha əlverişli, işləyib maddi ehtiyaclarını ödəyə biləcəkləri ölkələri seçirlər. Hazırda ən təhlükəsiz, qazanclı yer əlbəttə Azərbaycandır. Yerli əmlak bazarında Rusiyadan gələn investisiyanın böyük payı olub həmişə. 

Soydaşlarımız Rusiyada çalışıb, qazandıqları pulla Vətəndə ev alıb, daşınmaz əmlaka sahib olublar. Bu bir reallıqdır. Eləcə də Gürcüstan dövləti ərazisində yaşayan soydaşlarımız. 

Çünki bu ölkə ilə də bağlarımız möhkəmdir, geniş əlaqələr var. Amma sizə bir məsələni deyim ki, Gürcüstan Azərbaycan daşınmaz əmlak bazarında ilk üçlükdə olsa da, son zamanlar Azərbaycandan Gürcüstana investisiya qoyuluşu artıb, nəinki Gürcüstandan Azərbaycana.

 Bu da Gürcüstanda bazar istisadiyyatının, vergi sisteminin daha şəffaf olmasıyla bağlıdır. Daşınmaz əmlak bazarında, adətən qardaş Türkiyə hər il lider olurdu, bu il bayaq xatırlatdığım kimi Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya önə keçdi. BƏƏ də Azərbaycana investisiya qoyuluşu böyük idi, sadəcə, pandemiya səbəbindən son 2 ildə azalma müşahidə edildi. Həm turistlərin sayında, həm də daşınmaz əmlakın alınmasında.

 Bundan sonrakı mərhələdə BƏƏ-dən də daşınmaz əmlak alanların sayında artım olacaq. İranda isə son dövrlər iqtisadiyyat enişdədir. Orada yaşayan soydaşlarımızın Azərbaycanda daşınmaz əmlaka sahib olmaq istəyinin əsasında həm də bu dayanır. Ümumilikdə isə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana dünyada maraq həqiqətən artıb.

 Və bu maraq da hərtərəflidir. Burada həm iqtisadi səbəblər var, həm də mənəvi. Azərbaycanın uzun illər sonra azad edilmiş 20 faiz ərazisində, həmçinin ona bitişik ərazilərdə, hansı ki, işğal faktı ilə əlaqədar o yerlərdə də iqtisadiyyatı dirçəltmək çətin idi, indi nəhəng quruculuq işləri başlayıb, yerli, xarici şirkətlər bərpa prosesinə cəlb edilib, böyük işlər görülür, böyük investisiyalar cəlb edilir. Şəhərsalma prosesi sürətlə gedir. Bütün bunlar  ölkəyə marağı artırır, investorları cəlb edir, bununla yanaşı ölkəyə axın da artır. Proses daşınmaz əmlak bazarında da təbii canlanma yaradır. 

  R.Osmanlı qeyd etdi ki, daşınmaz əmlakın qeydiyyatının elektronlaşdırılması və bu səbəbdən sadələşməsi də əmlak sahibi olmaq istəyənləri cəlb edir: 

- Azərbaycanda daşınmaz əmlaka sahib olmaq hüquqi baxımdan da artıq asanlaşıb və təminatlıdır. Daşınmaz əmlakın dövlət reyestrinin yaranması, alqı-satqının, sənədləşmənin elektronlaşması daşınmaz əmlak sahibi olmaq istəyənlərə geniş imkan verir. Odur ki, çəkinmədən, ev, torpaq sahəsi alırlar. İş imkanları, yeni investisiya qoyuluşları üçün geniş imkanların olması ölkəmizi cəlbedici və gərəkli edir. 

  R.Osmanlı eyni zamanda vurğuladı ki, daşınmaz əmlak bazarında tələbatın artması, təbii ki, qiymətlərə də təsir göstərir. Son zamanlar daşınmaz əmlak bazarında kəskin qiymət artımı baş verir.