“Dəhlizin açılması bir daha bağlanmayacağı anlamına gəlir”
“Beləliklə, Azərbaycanın Naxçıvan, Türkiyə ilə əlaqəsi formalaşacaq. Nəticədə Türk qurşağı yaranacaq"
"Soçi görüşündə üstünlük və qələbəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin üzünə “Qarabağ münaqişəsi bitib, artıq müzakirə olunacaq məsələ yoxdur. Biz yalnız Ermənistanla sülhü müzakirə edə bilərik” kimi açıqlama verməsindən ibarətdir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib. O diqqətə çatdırıb ki, sözügedən açıqlamalar xüsusi önəm daşıyır:
"Zəngəzur dəhlizinə gəlincə isə M.Zaxarova "mətbəxdə" olan insandır. Məlumatlıdır. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir. Lakin öz şərtləri daxilində həyata keçirməyə çalışır. Maraqlarına uyğun şəkildə addım atılmasını istəyir. Nəzərə alaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Soçi səfəri zamanı Putinlə görüşəndə orada 6 şərt səsləndirdi.
Onlardan biri də məhz açılacaq yeni yolun (dəhlizinin) nəzarətinin ermənilərə keçməsidir. Əlbəttə, Rusiya sözügedən tələblərə razı deyil. Mərkəzi Asiyadan başlayaraq, bütün ərazilərdə yerləşən kommunikasiya xətlərini nəzarətində saxlamağa çalışır. O baxımdan Ermənistanın bu cür absurd iddialarını qəbul etmədi.
Zaxarovanın çıxışında müəyyən qədər həqiqətə yaxınlıq var. Bu gün rəsmi Moskvada olan ciddi sanksiyalar Rusiyanın öz məhsullarının birbaşa Avropaya satışına imkan vermir. Zaxarovanın da açıqlaması Qərblə əlaqə birbaşa kəsilibsə, bunu Azərbaycan-Türkiyə üzərindən edə bilmək düşüncəsinə xidmət edir.
Ona görə də Rusiya nümayəndəsinin söylədiklərinin perspektivi var. Amma əlbəttə ki, rəsmi Moskva məcbur qalmasa, Rusiya-Ukrayna müharibəsi olmasa idi, şimal qonşumuz Zəngəzur koridorunun açılması məsələsini ümumiyyətlə, nəzərdən keçirməzdi.
Çünki ona sərf etmir. Dəhlizin açılması bir daha bağlanmayacağı anlamına gəlir. Beləliklə, Azərbaycanın Naxçıvan, Türkiyə ilə əlaqəsi formalaşacaq. Nəticədə Türk qurşağı yaranacaq".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Soçidə nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə olunub. O, həmçinin Zəngəzur dəhlizinin perspektivləri barədə danışıb.