Bununla dövriyyə daha şəffaf olacaq, vergidən yayınma hallarının qarşısı alınacaq
Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5 faizinin geri qaytarılması nəzərdə tutulur.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15 faizdən 17,5 faizə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10 faizdən 5 faizə endirilir.
İqtisadçı-ekspert Eldəniz Əmirov “Şərq”ə açıqlamasında deyib ki, son illər ölkəmizdə həyata keçirilən ən uğurlu layihələrdən biri məhz “ƏDV geri al”dır:
“Yəni dövlət məhz bu vasitələrlə həmin sahələrdə də qeyri-qanuni ödənişlərin, vergidən yayınmaların qarşısının alınması iqtisadiyyatın ağardılması prosesində istehlakçıların iştirakını təmin etmək istəyir. Mövcud layihənin digər məqsədi həm də nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Bunun effektini müəyyən qədər görməyə başlamışıq.
Artıq vətəndaşlarımız alış-veriş zamanı ödədikləri vəsaitin vergi qeydiyyatına alınmasında maraqlı tərəf olaraq çıxış etməyə başladı və bu sahədə kifayət qədər müsbət irəliləyiş var. ƏDV ilə bağlı statistika bu sahədə praktiki olaraq uğurlar əldə edildiyini göstərir. Ödənişlərin leqallaşdırılması artdıqca alıcıların geri aldığı ƏDV-lərin sayı da artır. Təbii ki, burada yeni nəsil kassa aparatlarının sayının artırılması da böyük rol oynayır.
Hazırda ölkədə 740 mindən çox nəzarət olunan kassa aparatı var. Bu aparatların mövcudluğu da iqtisadiyyatın inkişafına ciddi töhfə verən addımlardan biridir.
Yeni nəsil kassa aparatlarından istifadə edən satıcıların sayı da artmaqdadır. Yeni nəsil kassa aparatlarının dövriyyəyə girməsi ƏDV-nin geri alınması ilə bağlı proseslərdə daha çox irəliləyişə səbəb ola bilər.
Son statistikaya görə, onlayn nəzarət kassa aparatları üzərindən 15,3 milyard manatdan artıq dövriyyə həyata keçirilib. Bu da ötən ilin dövriliyi ilə müqayisədə 57-58 faiz artım deməkdir. Statistikadan da göründüyü kimi bu sahədə çox ciddi irəliləyişlər müşahidə olunur”.
Nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizə endirilib, nağdsız ödənişlərdən geri qaytarılan məbləğin 17,5 faizə qaldırılmasına gəldikdə isə ekspert bu dəyişikliyi doğru və təqdirəlayiq hal kimi dəyərləndirib:
“17,5 faizlik artım o deməkdir ki, insanların nağdsız ödənişlərə marağı artacaq. Nağdsız ödənişlərin artması isə dövriyyənin daha şəffaf olması, vergidən yayınmaların qarşısının alınmasına, nağd pul kütləsinin tədricən aradan qalxmasına və vergi yığımına əhəmiyyətli dərəcədə təsir edəcək. Şübhəsiz ki, burada vətəndaşların da ciddi mənfəətləri olacaq”.